Bu il Ramazan ayı boyunca Səudiyyə Ərəbistanında məscidlərdə qılınan namazların canlı yayımda çəkilişinə qadağa qoyulub. Yeni qərarın icrasına ölkənin İslam İşləri, Təbliğat və İrşad Nazirliyi göstəriş verib. Bu barədə martın 24-də İQNA xəbər verib.

Məlumata görə, ibadətgahlarda edilən namaz və digər dini ayinlərin çəkilişi üçün kameralardan istifadə etmək, həmçinin qadağandır. Məscid imamlarına isə hər vacib namazdan sonra milli yaxınlaşmanı gücləndirən xütbələri oxumaq tapşırığı verilib.

Saudiyyə hakimiyyəti məscidlərə uşaqların gətirilməsinə də qarşıdır. Nazirlik hesab edir ki, uşaqlar ziyarətçilərin ibadət etmələrinə maneə törədirlər. Bundan əlavə, nazirliyin göstərişi ilə məscid imamları oruc tutanlar üçün iftara vəsait toplamaqdan çəkinməlidirlər.

Bundan öncə, bu ilin fevral ayında Səudiyyə Ərəbistanında dövlət bayrağının dəyişdirilməsi haqqında qərar təklif edilmişdi. Arabic.sputniknewsun verdiyi məlumata görə, Dəyişiklik Krallıq şurası tərəfindən səsvermə nəticəsində təsdiqlənib. Hazırkı bayraqda İslam rəmzi olan yaşıl rəng və “Lə ilahə illallah” yazısı öz əksini tapır.