Pakistanın baş naziri İmran Xan İƏT-ə üzv olan ölkələrin islamofobiya ilə mübarizədə diqqətsizliyini vurğulayıb. O, bu barədə İƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirlərinin 48-ci iclasında bildirib. Bu barədə ANİ News xəbər verib.

“11 sentyabr terror hücumlarından sonra islamofobiya artdı və nəzarətsiz davam etdi, çünki İslam ölkələri həqiqi İslamı dünyaya tanıtmaq üçün heç bir iş görmədilər”, – deyə İmran Xan qeyd edib.

Bundan əlavə, baş nazir müasir dünyada İslam və terror anlayışlarının eyni olmasından narazı olduğunu bildirib: “İslam necə terrorizmlə eyniləşdirildi? Qərb ölkəsindəki bir insan mötədil müsəlmanla radikal müsəlmanı necə fərqləndirə bilər? Ona görə də bu adam məscidə girir və hamını güllələyir”, – deyə İmran Xan əlavə edib.

Hazırda islamofobiya mövzusunda geniş yayılmış məsələlərdən biri Hindistanda tətbiq olunan hicab qadağasıdır. Ölkənin Karnataka əyalətində təhsil müəssisəsində hicabla oxumağa icazə verilmir. Bir aydan çoxdur ki, yerli əhali etiraz aksiyaları keçirsə də, bütün səylər nəticəsiz qalır.