Qarşıdan Ramazan ayı gəlir. Hər il olduğu kimi, bu il də insanların oruc tutmaq məsələsində bir sıra sualları yaranır. Belə suallardan biri isə Ramazan ayında oruc tutmaqla yanaşı, namaz qılmağın vacib olması məsələsidir. Bir qisim insan hesab edir ki, oruc tutan şəxs mütləq namaz qılmalıdır. Əks halda onun orucu qəbul olunmur. Lakin bu, belə deyil. Namaz qılmadan belə oruc saxlamaq olar və tutulan həmin oruc düzgün sayılır.
İslam dini iki əsas bölmədən ibarətdir: üsuliddin və firuiddin. Bu bölmələrin hər biri bir neçə şərtə ayrılır. Üsuliddin – dinin əqidə hissəsidir və 5 bölmədən ibarətdir. Bunlar Tövhid (Allahın təkliyi), Nübuvvət (peyğəmbərlər), Məad (ölümdən sonrakı həyat) və İmamət (İmamlara iman) ilə Ədalətdir (Allahın ədaləti). Burada əməl ediləsi bir şərt yoxdur. Hər bir insan sadəcə şəxsi təfəkkürü ilə sadalanan 5 şərtə iman gətirməlidir. Əks halda həmin şəxs kafir hesab edilir.
Firuiddin – dinin şəriət məsələlərindən ibarət bölməsidir. Buraya namaz, oruc, həcc, zəkat, xums, cihad, yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək, Allah dostları ilə dost olmaq, düşmənləri ilə düşmən olmaq daxildir. Qeyd edilən şərtlər birbaşa əməllə bağlıdır. Təbii ki, bu şərtlərin birini inkar edən kəs, həmçinin kafir hesab edilir. Lakin inanmaq və əməl etmək fərqli anlayışlardır. Məsələn: bir insan namazın vacib olduğuna inana bilər, lakin buna əməl etməmək hüququ da var. Bu halda o, kafir deyil, günahkar sayılır.
Misal üçün bir insan namaz qılır və oruc tutmur. Bu halda onun namazı düzgündür, lakin Ramazan ayında vacib orucu tutmadığına görə ona günah yazılır. Bu səbəbdən hər bir kəs namaz qılmadan oruc tuta bilər. Bu halda həmin şəxsin orucu düzgündür, lakin namaz qılmadığına görə o günah etmiş olur. Üstəlik həmin şəxs namaz qılmadığı üçün nəinki Ramazan ayında, hətta digər aylarda belə günah etmiş olur. Ramazanda oruc saxladığı zaman isə o ən azından boynuna düşən firuiddinin vacibatlarından birini yerinə yetirmiş olur. Təbii ki, namaz qılıb oruc saxlamaq daha yaxşıdır, lakin şəriətə əsasən, biri digərinə maneə törətmir.