Azərbaycanda Nazirlər Kabineti yeni məktəbli formalarını təsdiq edib. Lent.az xəbər verir ki, sözügedən qərar 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin yeni formalar hicablı şagirdlər üçün uyğunlaşdırılmayıb.

Təhsil eksperti Kamran Əsədov Modern.az-a verdiyi açıqlamasında qızlar üçün geyim formasına şalvarın daxil edilməsini müsbət qiymətləndirib. Lakin o, yeni formaya hicabın da daxil edilməli olduğunu bildirib.

“İlk dəfə olaraq ayrıca qış geyim forması və xüsusilə qız şagirdlər üçün qış aylarında şalvar müəyyən edilib ki, bu, çox yaxşıdır. Amma şalvar müəyyən edildiyi halda, baş örtüyü (hicab) qeyd olunmayıb. Yaxşı olardı ki, məktəb formalarının ümumi dizaynına uyğunlaşdırılmış baş örtüyü də müəyyənləşərdi”, – deyə təhsil eksperti qeyd edib.

Bundan əlavə, Kamran Əsədovun sözlərinə görə, hicab qadağası da heç bir qanunda nəzərdə tutulmayıb. “Bu gün direktorlarımız bu məsələdən kənardırlar, çünki onlar öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün bu vəzifəyə gəlirlər. Buna görə də qanunvericilik aktlarına əməl etmirlər”, – deyə Kəmran Əsədov əlavə edib. O, həmçinin hicabın təhsil keyfiyyətinə ziyan vurmadığını qeyd edib. Ekspert bunu abituriyentlər arasında 700 bal toplamış hicablı qızların olması ilə əsaslandırıb.