Şeyx Sədra ləqəbilə tanınmış Ayətullah Hacı Şeyx Sədrəddin Badkubeyi XX əsrin filosoflarından, fəqihlərindən, hakimlərindən və alimlərindən biri sayılır. O, 1899-cu ildə Qala kəndində ruhani ailəsində anadan olub.

Uşaqlıq illərindən ərəb dilini atasından öyrənmişdir. 13 yaşında atasınının vəfatından sonra, əmisi Molla Məhəmməd Badkubeyidən yenidən ərəb dilini və riyaziyyatın bir hissəsini öyrənir. Bir müddət sonra Şeyx Bakıda məskunlaşır və bu şəhərdə olan mədrəsədə tanınmış ustadlardan: Seyyid Əbdül-Xaliq Badkubeyi və başqalarından ərəbcə dini elmləri öyrənir.

Şeyx Sədra Məşhəd şəhərində tələbə dostu Ayətullah əl-Üzma Ağaseyyid Həsən ilə birlikdə mədrəsədə yüksək məqamlı ustadların müxtəlif dərslərində iştirak edir. Əvvəlcə məşhur alim Mirzə Əbdül-Cəvad Nişapurinin ədəbiyyat dərslərində iştirak edərək, ərəb dilini öyrənir. Bundan sonra orta səviyyədə ədəbiyyatı öyrənmək üçün Seyyid Baqir Rəzəvi və Seyyid Cəfər Şəhristaninin dərslərinə gedir. O, fəlsəfə və ilahi hikmət filosof Şeyx Əsədullah Yəzdidən, İbni Sinanın kitablarını və Molla Sədranın “Əsfari-ərbəə” kitabını tanınmış ustad və filosof Ağabozorg Həkim Xorasanidən öyrənir. Bundan sonra Şeyx Ayətullah əl-Üzmalardan Ağamirzə Məhəmməd Ağazadə Xorasaninin üsul və fiqhi xaric dərsinə gedir, həmçinin Hacı Hüseyn Təbatəbai Qumi və Şeyx Murtəza Aştiyaninin ali səviyyədə üsul və fiqhi dərslərində iştirak edir. Bu müddətdə əqli və nəqli elmləri lazımi səviyyədə mənimsəyir və yüksək dərəcəli ustad olur.

Bundan sonra Şeyx Sədra, təhsilini davam etdirmək məqsədi ilə Nəcəfə yola düşür. Orada Ayətullah əl-Üzmalardan Mirzə Hüseyn Naininin ali səviyyədə olan üsul və fiqh dərslərində, Məhəmməd Hüseyn Kompani İsfahani, Şeyx Musa Xorasani və Seyyid Əbdül-Həsən İsfahaninin müxtəlif dərslərində iştirak edərək, ictihad məqamına çatır. Bundan əlavə, ali səviyyədə ilahiyyat fəlsəfəsini öyrənmək üçün filosof Seyyid Hüseyn Badkubeyinin fəlsəfə dərslərində iştirak edir. Burada onun şagirdi Ayətullan Seyyid Baqir Sədr olur.

1940-cı ildə Seyyid Hüseyn Badkubeyinin vəfatından sonra Şeyx Sədra fəlsəfə və hikmət məktəblərində birinci dərəcəli ustad kimi tanınmışdır. Onun adı Sədrəddin idi. Amma İslam filosofu Molla Sədra Şirazi ilə çox əlaqəsi olduğu üçün “Sədra” ləqəbini özünə seçir və alimlər arasında Şeyx Sədra kimi tanınır. O uzun illər ərzində Nəcəfdə fəlsəfə, hikmət, Rəsail, Məkasib və Kifayə dərslərini tədris etmiş, yüzlərlə alimlər yetişdirmişdir. Onun üsul və fiqh dərsləri Nəcəfdə alimlər arasında məşhur idi. Şeyx Sədra Badkubeyinin “Kifayə” dərsində təxminən 400 nəfərə yaxın tələbə iştirak edirdi. Demək olar ki, hal-hazırda Nəcəf alimlərinin əksəriyyəti Şeyx Sədranın şagirdlərindən hesab olunur. Onların sırasında Ayətullah Seyyid Məhəmməd Baqir Sədr, Ayətullah Seyyid Əbdül-Əziz Təbatəbai Yəzdi, Usdad Məhəmməd Baqir Müdərris Bəhudi, Ayətullah Seyyid Məhəmməd Kələntəri kimi alimlər var.

Bəzi Nəcəf alimlərinin fəlsəfə ilə müxalifətləri səbəbi ilə Yəzd tələbələrindən bir qrupu onun mənzilinə hücum edərək, Şeyxi məcbur edirlər ki, fəlsəfə dərsini ləğv etsin. O da ümumi səviyyədə fəlsəfə dərsini ləğv edərək, xüsusi şəkildə öz mənzilində tədris etməyə başlayır.

Ayətullah Şeyx Sədra Badkubeyi 1972-ci ildə vəfat edib və Nəcəfdə dəfn edilib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.