ABŞ Myanmada müsəlmanlara qarşı törədilən cinayətləri soyqırım kimi tanıyıb. Bu barədə martın 21-də RİA Novosti xəbər verib.

Məlumata görə, ABŞ-ın dövlət katibi Entoni Blinken Myanma ordusunun Rohinca xalqına qarşı törətdiyi əməllərin soyqırım və cinayət olduğunu bildirib. O, həmçinin Rohinca xalqının ana dilində televiziya və radio yayımından məhrum olunmasını qeyd edib.

Rohincalar Myanmanın Rakhayn əyalətində yaşayan etnik benqal müsəlmanlarıdır. Onlar 20-ci əsrin əvvəllərində Britaniya müstəmləkəçi hakimiyyəti tərəfindən Myanmaya köçürülmüş benqalların nəsilləridir. Rohincaların əksər hissəsinin Myanma vətəndaşlığı yoxdur. Onlar 100 ildən çox orada yaşamalarına baxmayaraq, qeyri-qanuni miqrant sayılırlar.

2017-ci ilin avqust ayından bəri Myanmanın qərbində əksəriyyəti müsəlman olan Rohinca etnik azlığının bir neçə yüz üzvü öldürülüb. Təxminən 700.000 Rohinca eyni vaxtda qonşu müsəlman Banqladeşə və Benqal körfəzindəki kimsəsiz adalara qaçıb. Onların hələ də antisanitar şəraitdə qaçqın düşərgələrində yaşadıqları bildirilir.