Bu gün, martın 21-i Novruz bayramı günüdür. “Novruz” fars dilində “yeni gün”, yəni “nov” – yeni, “ruz” – gün deməkdir. Təqvimi hicri-şəmsi olan ölkələrdə Novruz yeni ilin gəlişi olaraq qeyd olunur.

Bu bayram minilliklərdir ki, Azərbaycanın adət-ənənəsi hesab edilir. Lakin müasir dövrdə bir çoxları Novruzun İslama zidd olduğunu düşünür. Düzdür, İslamda rəsmi olaraq Qurban və Ramazan bayramları vardır. Lakin tarixə görə, İslamın yayıldığı ölkələrdə dinə zidd olan əməllər istisna olmaqla, hər xalqın adətləri qorunub. Novruz  Azərbaycanla yanaşı, İran, Pakistan, Əfqanıstan, Suriya və İraq kimi müsəlman ölkələrində qeyd olunur.

İlahiyyatçı Hacı Şahinin sözlərinə görə, əvvəllər Novruz axşamı süfrəyə nə haram, nə də yad mətbəxin xörəkləri qoyulmazdı. Lakin indi sözügedən şənliklərin spirtli içki və haram qidalarla keçirilməsinin şahidi olmaq olar.

Novruz bayramı bir sıra hədislərdə də öz əksini tapıb. Rəvayətlərə görə, bir gün İmam Əli (ə.s) üçün şirniyyat hədiyyə gətirdilər. İmam hədiyyənin hansı münasibətlə olduğunu soruşub. Ona dedilər: “Bu gün novruzdur”. Buyurdu: “Əgər bacarsanız, hər gün novruz edin” (Dəaimul-islam, İbn Həyyun, 2/326).

Müctəhidlərin risaləsinə nəzər saldıqda Novruz günü qüsl almaq və oruc tutmağın müstəhəb əməl hesab edildiyini görmək olar.