Ayətullah Hacı Şeyx Əbdül-Hüseyn Lənkərani Mirzə İbrahimin oğlu İslamın böyük fəqihlərindən və müdrislərindən, Qum elmiyyə ocağının müctəhidlərindən biridir. O, 1910-cu ildə (1905-1906) Lənkəranın Yelağac kəndində anadan olub.

Şeyx Əbdül-Hüseyn uşaq illərindən Lənkəranın Şıxlı kəndində yaşayan alim dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənir. Dayısının vəfatından sonra bir neçə alimdən fars və ərəb dilindən dərs alır. O, 18 yaşında kommunist rejiminin din və islam əleyhinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edir və Ərdəbil şəhərində məskunlaşır. Ərdəbil şəhərində “Molla İbrahim” mədrəsəsində müqəddimatın orta və ali səviyyəsini öyrənir.

O zamanlar İranda hakimiyyətdə olan Rzaxan Pəhləvi dini və məzhəbi fəaliyyətlərə qarşı mübarizə aparırdı. Buna baxmayaraq, Şeyx Əbdül-Hüseyn öz dini fəaliyyətlərini məhz bu dövrdə başlayır. Ərdəbildə “cavanlar cəmiyyəti”ni təşkil edən ilk tələbə olur və onlarla müxtəlif iclaslar və dərslər təşkil edir. 1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilir. Şeyx Əbdül-Hüseyn və s. azərbaycanlı tələbələr İran vətəndaşı olmadıqlarına və İran qanunlarına etiraz etdiklərinə görə həbs olunur və Semnan şəhərinə sürgün olunurlar. O, sürgündə Semnan şəhərinin “Sadiq xan” (indiki İmam Sadiq mədrəsəsi) mədrəsəsində sakin olur, mədrəsədə dərs verir.

1940-cı ildə hökumət məmurları Şeyx Əbdül-Hüseynin sürgünlük müddətini uzadır və bu dəfə də onu Zəncan şəhərinə sürgün edirlər. Şeyx Əbdül-Hüseyn burada “Mədrəseyi Seyyid”də orta səviyyədə dərs verməklə yanaşı üsul və fiqh dərslərini öyrənməyə başlayır.

1943-cü ildə Zəncanda hökumət Azərbaycan demokrat partiyasının əlinə keçir və ruslar bir çox yerləri işğal edirlər. Bundan sonra Şeyx, sürgündən azad olunur. Lakin sovet əsgərləri İranda olan vətəndaşlarını tutub zindana salırdılar. Bununla əlaqədar, Şeyx gizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə köçür. O, bir müddət, Ayətullah Kuhkəmərinin üsul və fiqh xaric dərsində iştirak edir. Həmçinin dostu Ayətullah Seyyid İzzuddin Hüseyni Zəncaninin təklifi ilə Ruhullah Xomeyninin hikmət və fəlsəfə dərslərində də iştirak edir. Səkkiz il müddətində mərhum Molla Sədranın “Əsfari ərbəə”-sini və bəzi əqli elmləri öyrənir. Bütün bu illər dərs almaqla yanaşı həm də ali dərəcədə elmi mətnləri tələbələrə tədris edir.

1961-ci ildə Şeyx dini hökmləri təbliğ etmək məqsədi ilə yenidən Semnan şəhərinə gedir. 1980-ci ilə qədər burada ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edir və görkəmli bir alim kimi tanınır. Şeyx öz hesabına “Sadiq xan” mədrəsəsində əlavə otaqlar tikdirir. Bundan sonra o, Qum şəhərinə qayıdır.

1979-cu ildə şahın devrilməsində hərakatın fəallarından və Ruhullah Xomeyninin ən yaxın silahdaşlarından biri kimi tanınmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Masallıya gəlib, ata-baba ocağı Yelağacda olmuşdur.

Şeyx Əbdül-Hüseyn Lənkərani 2005-ci ildə Qum şəhərində vəfat edib və “Bağı-beğeşt” qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.
  3. https://cenub.az/1254-masallinin-ruhani-dunyasi.html