Mirzə Cavad Molla Nəcəf oğlu Badkubeyi dərin elmli İslam alimlərindən və filosoflarından biridir. O, həmçinin “Fani” ləqəbi ilə tanınırdı.

“Təzkireyi-müəməyyiz” kitabının müəllifi yazır: “Bu fəzilətli şəxsiyyət hikmət elmində kamil bir ustaddır və kəlam ictihad səviyyəsinə çatmışdır. Elmi dərəcəsi yüksək səviyyədədir sözlərində kamala dəlalət edən kəlmələr var. Şeir yazmaq qabiliyyətinə də malikdir”.

Onun atası Bakının fəzilətli alim və müctəhidlərindən sayılırdı. 1821-ci ildə Bakının, Dağıstanın və Şirvanın əhalisinin dini və məzhəbi məsələləri onun vəkaləti altında idi.

Mirzə Cavad atasının ölümündən sonra İrana səfər etməyi qərara alır. Atasından qalan irsi və mal-dövləti öz qardaş və bacılarına verib, İranın İsfahan şəhərinə gəlib, “Cəddə” mədrəsəsində sakin olur. Ərəb dilinin müqəddimat dərslərini, fiqh-üsul və ilahiyyat fəlsəfəsini öyrənməyə başlayır. O, Sədrulmutəllihinin, Seyyid Məhəmməd Baqir və Mirzə Rzadan, böyük filosof Molla Əli Hurinin şagirdlərindən idi. Bir müddət Məşhəd və Tehran şəhərlərində hikmət və kəlam elmlərini tədris edərək, fəzilətli şagirdlər yetişdirir. Hökumət aparatına yaxın düşməyib, azad və asudə yaşayışı mənsəb və vəzifədən üstün tutur.

Mirzə Cavad çox səxavətli, əliaçıq adam olub. O qədər hədiyyə və bəxşiş edərdi ki, hətta özü üçün şam yeməyinə bir şey qalmazdı. Bu barədə alim özü bir şeir yazmış və bu şeirdə özünə “Fani” ləqəbini vermişdir.

Mirzə Cavad ömrünün sonlarını Azərbaycanda keçirir və burada dünyasın dəyişir.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.