Bu gün, şaban ayının 15-i (18 mart) İmam Zamanın (ə.f) mövlud günüdür. O, İmamların on ikincisi və sonuncusudur. O, həmin şəxsdir ki, yer üzündə ədaləti bərqərar etməklə vəzifələnib.

Həzrətin adı Peyğəmbərin (s) adı ilə bir, məşhur ləqəbləri isə Sahib əz-Zaman, Vəliyyi-əsr, Qaim və Höccətdir. İmam Zaman (ə.s) hicrətin 255-ci ilində şaban ayının 15-ci gecəsində İraqın Samirra şəhərində dünyaya gəlib. Bu gün Həzrətin mövlud günündən 1188 il ötür. Onun anadan olması hər kəsdən gizli baş verib. Belə ki, dövrün xəlifəsi Mötəmid İmam Həsən Əskərinin (ə.s) övladının dünyaya gəlməsindən xəbərdar idi. Bu səbəbdən xəlifə, 11-ci İmama nəzarət edilməsini əmr edib.

Həzrət Mehdi (ə.s) 5 yaşında olarkən atasını itirib və imamət məqamına yetişib. İmam Əskəri (ə.s) xəlifə tərəfindən şəhid edilərkən onun qardaşı Cəfər ibn Əli özünü İmamın vəsisi kimi təqdim edir. O, Həzrətin evində onun cənazəsi önünə çıxıb, meyit namazına başçılıq etməyə çalışır. Lakin digər otaqda 5 yaşlı zəmanə İmamı çıxıb əmisindən arxaya keçməyi istəyir. Bu zaman insanlar Cəfərin yalançı (kəzzab) olduğunu və həmin uşağın sonuncu imam olmasını anlayırlar. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni hicrətin 260-cı ilində başlayır, 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər.

329-cu ildə isə İmamın (ə.s) həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb dövrü adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar İmamın (ə.f.) köməkçiləri vasitəsilə onunla əlaqə saxlayırdılarsa, indi bu mümkün deyil. Böyük qeyb dövründə sualı olan müsəlmanlar fəqihlərə müraciət edirlər.

Həzrətin nə zaman zühur edib, zülm və ədalətsizliklə mübarizə aparacağı məlum deyil. Hədislərdə bu günün hətta İmamın özünün də bilmədiyi qeyd olunur. Həzrət Mehdi (ə.f) buyurub: “Ancaq fərəcin zühuru Allah Təalanın ixtiyarındadır. Vaxt qoyanlar yalan deyirlər”.

İmam Baqir (ə.s) buyurub: “Sanki Həzrət Qaimi (ə.f) görürəm ki, Aşura günü, həftənin şənbə günü rüknlə məqamın arasında dayanmışdır. Cəbrayıl da qarşısında nida verir: “Beyət Allah üçündür. Yer kürəsini ədalətə bürüyəcəkdir, necə ki, indi zülmə bürünmüşdür””.

İmam Sadiq (ə) buyurub: “Qaim (ə.f) Ramazan ayının 23-də (şərəfli) adı ilə nida olunacaq və Hüseyn ibni Əlinin (ə.s) öldürüldüyü Aşura günündə qiyam edəcəkdir”.