İmam Həsənin (ə.s) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından belə nəql edir: “Əbu Bəkr və Ömər Xanım Fatimənin (s.ə) Fədək bağını qəsb etdikdə, Həzrət Fatimə (s.ə) bundan xəbər tutdu. O, başını örtərək öz çadrasına büründü, xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə tərəf gəldi. Həzrət Zəhra (s.ə) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbərin (s) yerişini xatırladırdı. Məscidə daxil olduqda Əbu Bəkr mühacir və ənsardan bir dəstəsi ilə birgə oturmuşdu. Pərdə çəkdilər. Xanım pərdənin arxasına keçib əyləşdi. Həzrət Zəhra (s.ə) bu vaxt yanıqlı bir ah çəkdi. Məsciddəkilər onun yanıqlı ahından təsirlənib ağladılar. Məclisdəki vəziyyət dəyişdi. Fatimə (s.ə) bir az sükut edib camaatın ağlamaq səsinin sakitləşməsini gözlədi. Sonra öz sözünə Allahı həmd və tərif etməklə və Peyğəmbərə (s) salavat göndərməklə başladı. Bu vaxt camaat yenidən ağlamağa başladı. Onlar ağlayıb qurtarandan sonra Xanım yenidən danışmağa başladı. O buyurdu:
“Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr), Allahın kitabına əsasən sən öz atandan irs apara bilərsən, lakin mənim atam özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna (s) qarşı çox qəribə və pis bir iş gördün. Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız? Halbuki Allah-təala buyurur: “Süleyman Davuddan irs apardı” (Nəhl, 16). Yəhya ibn Zəkəriyyadan xəbər verdikdə Zəkəriyyanın dilindən buyurur: “Mənə öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun” (Məryəm, 5-6). Başqa yerdə Allah-təala buyurur: “Qohumlar Allahın kitabında (irs, varislik baxımından) birbirinə daha yaxındırlar” (Ənfal, 75). Allah-təala yenə də belə buyurur: “Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür” (Nisa, 11). Başqa bir ayədə buyurur: “(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir” (Bəqərə, 180).
Siz mənim heç bir payımın olmadığını, atamla mənim heç bir qohumluq əlaqəmin olmamasını və atamın irsinin mənə çatmadığını güman edirsiniz. Məgər Allah-təala Quranda olan bu ayələri sizə məxsus edib və atam Muhəmmədi (s) bu ayələrin hökmündən kənarda saxlayıb? Yoxsa demək istəyirsiniz ki, iki dinin əhli bir-birindən (kafir mömindən) irs aparmır? Məgər mən və atam bir dinin əhli deyilikmi? Yoxsa siz Quran ayələrinin ümumi və xüsusi hökmlərini atam və əmim oğlundan daha yaxşı bilirsiniz?
(Sonra Əbu Bəkrə xitab edərək buyurdu: ) Bu gün istədiyini et. Fədəki məndən bütünlüklə al. Qiyamət günü (etdiklərinin cəzasını) görəcəksən. Allahın (aramızda) hakimlik etməsi, Muhəmmədin (s) bizim rəhbərimiz olması və Qiyamət gününün (səninlə) görüşəcəyimiz gün olması nə qədər də gözəldir. Qiyamət günü batil əhli xəsarətə uğrayacaqdır. Peşman olduğunuzda dediklərinizin sizə heç bir faydası olmayacaqdır. “Hər bir xəbərin müəyyən bir vaxtı vardır” (Ənam, 67). “O zaman rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud, 39)”.
Mənbə: besiret.az