Martın 16-da ilahiyyatçı Hacı Şahin Həsənli Novruz bayramı haqqında Bakupost.az-a müsahibə verib. Bu barədə din xadiminin saytında məlumat verilib.
Hacı Şahinin sözlərinə görə, bu günümüzdə bəzi cərəyanlar Novruzu İslama zidd bir bayram kimi təqdim etməyə çalışırlar. O bildirib ki, Novruz dini bayram olmasa da, İslami dəyərlərə söykənir. “Onun gözəlliyi ondadır ki, hamı birləşsin, bir yerdə sevinsin, birlikdə şirniyyat bişirsin, bir-birinə papaq atsın və pay versin”, – deyə Hacı Şahin qeyd edib.
Bundan əlavə, ilahiyyatçı bir yerə toplaşıb şirniyyat bişirmək, evlərdə səməni cücərtmək kimi bayram ənənələrinin getdikcə zəifləməsini qeyd edib. O, artıq hər şeyin dükandan alındığını vurğulayıb. “Novruz axşamı ilin xeyirli olması, maddi və mənəvi nemətlərlə zənginləşməsi üçün dualar oxunardı. Bayram süfrəsinə Quran qoyulardı, çünki işıqlı və aydın gələcəyə Qurana bağlanmaqla çıxmaq mümkün idi. Hətta sovet dövründə Novruzda süfrəyə nə haram yemək qoyulardı, nə də yad mətbəxin xörəkləri”, – deyə din xadimi əlavə edib.
“Novruz” fars dilində “yeni gün”, yəni “nov” – yeni, “ruz” – gün deməkdir. Bu bayramın yaranma tarixi dəqiq məlum olmasa da, bəzi din və etiqad məktəbləri onun cahanşümul mahiyyətini təsdiqləyib. Lakin ehtimal olunur ki, Novruzun ən parlaq dövrü məhz zərdüştilik dini zamanında olub.
Bu gün Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Suriya və İraq kimi müsəlman ölkələr Novruzu qeyd edirlər. Din xadimləri bu bayramla İslam arasında bənzərliklərin olmasını söyləyirlər. Buna görə də onun bəzi ayinlərinin yerinə yetirilməsini qadağan hesab etmirlər. Belə ki, İslamda bəyənildiyi kimi, Novruzda insanlar bir-birinin ziyarətinə gedir, küsülülər barışır və hətta vəfat etmiş şəxslər ziyarət edilir, onlar üçün dualar oxunur.
Müctəhidlərin risaləsinə nəzər saldıqda Novruz günü qüsl almaq və oruc tutmağın müstəhəb əməl hesab edildiyini görmək olar.
Novruz bayramı hər il mart ayının 20-21-i qeyd olunur. Azərbaycanda 20-25 mart tarixlərində bayramla əlaqədar qeyri-iş günləri elan edilir.