İmamzadə Bakı şəhərinin Suraxanı rayonunda Bülbülə qəsəbəsində, Ruhulla Axundov küçəsi 7-də yerləşir.
İmamzadə kompleksi 1937-ci ildə dağıdılıb və sonra yerində uşaq evi inşa edilib. Lakin 1988-ci ildə burada təmir işləri aparılıb və 1993-cü ildən Bülbülə İmamzadəsi “Məhəmməd Sadiq İmamzadəsi” kimi rəsmi fəaliyyət göstərməyə başlayıb.
“Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası” kitabında İmamzadəni XII-XIII əsrlərə aid olduğu qeyd olunur. Lakin hazırda İmamzadə kompleksindən qalan təkcə bir yazılı daşın üzərində, ərəbcə yazılmış bu kitabədə deyilir: “Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (təxminən 1623-1624 illər)”.
Burada beşinci İmam Məhəmməd Baqirın (ə.s) nəvəsi Məhəmməd Sadiqin (ə.s) məzarı olub, buna görə də məscid onun adını daşıyır. Deyilənə görə, ötən əsrlərdə İslam dininin banisi Məhəmməd Peyğəmbərin (s) ailəsinə olan təzyiqlərdən sonra “Baqir ül-ülum”, yəni “elmləri yaran” təxəllüsü alan Əhli-Beyt (ə.s) nümayəndəsi beçinci İmam Məhəmməd Baqirin (ə.s) beş oğlundan biri İmamzadə Məhəmməd Sadiq (ə.s) və onun xanımı, nökəri, buraya qədəm qoyurlar.
1937-ci ildə dağıdılmış İmamzadə kompleksi, dörd binadan ibarət idi. İmam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülmüşdür. Türbənin şərq divarından açılan qapıdan, daxil olunan ikinci otağ düzbucaq formada idi. Burada isə üç qəbir olub, orada İmamın nökərləri dəfn olunmuşdur. Hər iki türbə xalça ilə döşənmişdir. Türbənin şimal divarına bitişik məscid binası mövcud idi. Məscidin tavanı dörd sütun və tağlar üzərində tikilmiş günbəzlə örtülmüşdür.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.anl.az
- https://kataloq.gomap.az