Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ingilisdilli bölmə fəaliyyətə başlayıb. Bu barədə martın 16-da istitutun mətbuat xidməti məlumat verib.

Hazırda bölmədə iki qadın tələbə təhsil alır. Tədris Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir. Dərslər Aİİ-nin peşəkar müəllimləri tərəfindən tədris olunur.

Məlumata görə, Aİİ-nin məqsədlərindən biri təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Hazırda bu istiqamətdə institut tanınmış dünya üniversitetləri ilə əlaqələr yaradır. Bundan əlavə, Aİİ-nin bir sıra tələbəsi ilahiyyat sahəsi üzrə xarici ölkələrdə təhsil alır.

Bu ilin fevral ayında Aİİ-nin rektoru Aqil Şirinov bildirib ki, ali təhsil müəssisəsində dərslərin ingilis və ərəb dilində keçirilməsinə imkan yaradılıb. İnstitutda, həmçinin sözügedən dilləri əhatə edən kitablar mövcuddur. Rektorun sözlərinə görə, İlahiyyat İnstitutunda ödənişsiz dil kursları fəaliyyət göstərir.