Martın 17-si şam namazından sonra Nimeyi-şaban gecəsi (şabanın 15-ci gecəsi) daxil olur. Nimeyi-Şaban ərəb dilində şabanın ortası deməkdir. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Şaban ayının 15-i İmam Zamanın (ə.f) dünyaya göz açdığı gündür.
Peyğəmbər (s) buyurub: “Bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar”.
İmam Baqir (ə.s) Nimeyi-şaban fazilətləri haqda buyurub: “Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.
Nimeyi-şaban gecəsinin əməlləri:
- Qüsl almaq;
- Əhya saxlamaq, gecəni ibadət etməklə keçirmək, namaz qılmaq, dua və istiğfar etmək;
- İmam Hüseyni (ə.s) qiyabi ziyarət etmək;
- “Kumeyl” duasını oxumaq;
- “Subhənəllah”, “Əlhəmdulilləh”, “Əllahu əkbər”, “Lə iləhə illəllah” zikrlərinin hər birini yüz dəfə demək;
- Quran oxumaq (Bu gecə 3 dəfə “Yasin” surəsinin oxunması tövsiyə olunur);
- Cəfər Təyyarın namazını qılmaq;
- Şaban ayının 15-ci günündə oruc tutmaq (qəzası olanlar qəza niyyətilə, qəzası olmayanlar şaban ayının niyyəti ilə oruc tutacaq).