Sumqayıt qəbiristanına pişik qəbrinin əlavə olunması əhali tərəfindən birmənalı qarşılanıb. İnsan məzarlığında heyvanın dəfni ilahiyyatçı Gülağa İsmayılov tərəfindən də düzgün hesab edilmir. Bu barədə martın 15-də Xezerxeber.az xəbər verib.

Sumqayıtda yerləşən “Köhnə qəbiristanlıq” adlanan ərazidə insan qəbirləri arasında “Masya” adlı pişik də basdırılıb. Bundan əlavə, heyvan üçün mərmərdən başdaşı, yanında isə ziyarətçilər üçün oturacaq quraşdırılıb. Sözügedən məkanda bir dam altında iki məzar: pişik və insan məzarı yerləşir.

Məlumata görə, məzarlığın nəzarətçisi abidənin nə zaman düzəldildiyindən xəbərsizdir. Onun sözlərinə görə, o, 2-3 ay öncə məzarı görüb və onun yiyəsi ilə əlaqə saxlayıb. Qəbri düzəltdirən şəxs orada heç kimin basdırılmadığını və yoldaşının pişiyə olan məhəbbəti üzündən qadının məzarı kənarında ölmüş heyvanın xatirə abidəsini düzəltdirdiyini bildirib.

Şəhər sakinləri insanlar arasında heyvanın basdırılmasını düzgün hesab etmirlər. “Qəbiristanlığa girəndə salam verilir. Orada olan mərhumlara dualar edilir, günahlarının bağışlanması dilənir”, – deyə Sumqayıt şəhər sakini bildirib.

İlahiyyatçı Gülağa İsmayılov məsələyə tənqidlə münasibət bildirib. “İnsan məzarlığında heyvan basdırmaq orada dəfn olunan insanlara hörmətsizlik sayılır. Mərhuma hörmətsizlik sayılarsa, bu haramdır”, – deyə din xadimi qeyd edib.