Ayətullah Mirzə Əlixan Ağa Mirzə oğlu İrəvani 1837-ci ildə İrəvan şəhərində dünyaya gəlib. O, İslam dininin görkəmli xadimi və həkimlərindən idi və “Lə`la İrəvani” adı ilə tanınırdı.

Əlixan İrəvani 20 yaşında ikən atası ilə birlikdə Təbrizə köçməyə məcbur olub.

O, gənc yaşlarında ticarətlə məşğul olub, lakin sonradan İslam tibbinə olan marağı onu dini elmlərə yönəldib. Bir neçə il dövrünün məşhur həkimi Sadiq Mirzə Əbdül Həsən Həkimbaşının yanında tibb sahəsini öyrənib. Bundan sonra alim tibb biliklərini artırmaq niyyəti ilə Türkiyənin İstanbul şəhərinə gedir.

Daha sonra o, Təbrizə qayıdır, ehtiyacı olanları müalicə etməyə başlayır. Ömrünün sonunda Tehrana gəlir, əlacsız qalan xəstələri müalicə edir.

Nəsrəddin şahın zamanında ona “Şəmsil-Hükəma” ləqəbi verirlər. Əlixan İrəvani İraq, Türkiyə, Qafqaza və digər ölkələrə səfər edir.

O, təbiblikdən əlavə İslam elmlərinin müqəddimatını, habelə ərəb ədəbiyyatını da bilirdi. Alim Əhli Beytə (ə.s) fars və türk dillərində şeirər həsr edib.

Ayətullah İrəvani 1907-ci ildə Qafqaz şəhərlərinin birində dünyasını dəyişib və elə ordada dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.