Avstraliyada ölkənin ən böyük məscidlərindən biri istifadəyə verilib. Məscid tam olaraq ianə toplanışı vasitəsilə inşa edilib. Bu barədə martın 15-də shafaqna xəbər verib.

Melbrun şəhərində yerləşən bu məscidin tikintisinə 2008-ci ildə start verilib. İbadətgahın inşası üçün 8,5 milyon dollar məbləğində ianə toplanıb. “Bu, mənim həyatımda olan bütün nailiyyətlərin ən yaxşısıdır”, – deyə Verribi İslam Mərkəzinin prezidenti Rifai Rəhim qeyd edib.

Açılışda müsəlman icmasının liderləri bildiriblər ki, ibadətgaha cəmiyyətin bütün təbəqələrindən olan insanlar və dinindən asılı olmayaraq hər kəs gələ bilər.

Bundan əlavə, məscid ərazisində uşaqlar üçün oyun meydançası da qurulacaq.

Avstraliyada ilk məscid 1887-ci ildə Broken Hilldə inşa olunub. Qitədə İslam dini 1800-cü illərdə buraya səfər edən 4000-ə yaxın dəvəçinin vasitəsilə yayılıb.