Məscid Xaçmaz rayonunun Şıxlar kəndində yerləşir. İbadət evinin inşa tarixi XIV-XVI əsrlərə aiddir. İbadətgah Şeyx Yusifin müridləri tərəfindən tikilib. Məscid binasında kitabə olmadığından bu ibadət evinin bənna-memarının adı dövrümüzədək gəlib çatmayıb.

İbadətgah düzbucaqlı formaya malikdir və kərpicdən inşa edilib. Məscidin ön fasadında üç tağvari giriş olsada, onlardan ikisindən giriş kimi istifadə olunur. Tağların hər üçü düzbucaqlı formada olan girintili “haşiyə” içərisində yerləşir. Hər bir tağın yuxarı hissəsi kərpiclərdən hörülmüş naxışlarla bəzədilib.

Məscidə daxil olmaq üçün ziyarətçilər qapı ilə üzbəüz, yaxud sağ və sol divarlarında tağça olan daş artırma-eyvana girməli və bundan sonra ibadət salonuna keçməlidir. Həmin artırma ibadətə gələnlərin ayaqqabılarının qoyulması, sağ və soldakı taxçalar isə əl əşyalarının saxlanması üçün nəzərdə tutulub. İbadət zalınının künclərində tağvari yarımgünbəz-imitasiyalar, sağ və sol tərəfində kiçik pəncərələr mövcuddur.

Sovet dövründə məsciddən bir müddət taxıl anbarı kimi istifadə olunub. 1960-cı illərdən isə məscid binası boş qalıb və zaman keçdikçə baxımsız vəziyyətə düşüb.

Kənd sakinlərinin dediyinə görə, 1970-ci illərinin əvvəllərində məscidin yanındakı evin sahibi olan, sürücü işləyən İsmayıl adlı şəxs öz vəsaiti ilə ibadət evinə dəmirdən dam vurdurub. Onun bu addımı təqribən 50 il müddətində məscidi dağılmaqdan qoruyub.

Hal-hazırda həmin dəmir dam çürüyüb və dağılmaq üzrədir. İbadət evinin divarları bir neçə yerdən çatlayıb. Məscid binası isə yararsız vəziyyətdədir.

Xaçmaz rayonu Şıxlar kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. https://rakus.az/mazarcayin-sahillerindeki-muqeddesatlar/
  2. http://shahdagpeoples.az/meqaleler/736-mazarchayin-her-iki-sahilindeki-muqeddesatlar.html
  3. https://azertag.az/xeber/Boyuk_sufi_filosofu_Seyid_Yehya_Bakuvinin_muridi_Seyx_Yusifin_defn_olundugu_turbe_FOTO-1944756