Bu gün, şaban ayının 11-i (14 mart) Həzrət Əli Əkbərin (ə.s) mövlud günüdür. Həzrət hicrətin 33-cü ilində dünyaya göz açıb. Onun atası 3-cü İmam Hüseyn ibn Əli, anası isə Leyla binti Əbu Mürrətdir. Əli Əkbər (ə.s) bu ailənin böyük oğludur. İmam Hüseynin (ə.s) üç oğlu var idi və hər üçünün adı Əli olub. Oğulların adlarını bir-birindən kiçik (Əsğər), orta (Əvsət) və böyük (Əkbər) sözlərini artırmaqla fərqləndirərdilər.

Rəvayətlərə görə, Əli Əkbər (ə.s) həm görünüşə, həm əxlaq və rəftara görə Peyğəmbərə (s) çox oxşayardı. İmam Hüseyn (ə.s) Əli Əkbəri (ə.s) meydana göndərəndə qoşuna belə buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!” (Şeyx Cəfər Şüştəri, “Xəsaisül-Hüseyniyyə” kitabı).

Əli Əkbər ibn Hüseyn (ə.s) İslamın dirçəlişində mühüm rol oynayıb. Həzrət 681-ci ildə Kərbəla döyüşündə son nəfəsə kimi mübarizə aparıb və məhərrəm ayının 10-u şəhid edilib. Rəvayətlərə görə, İmam Hüseyn (ə.s) yuxuda bir səs eşidir: “Bunlar şəhadətə tərəf yola düşmüşlər”. İmam (ə.s) yuxudan ayıldıqdan sonra “İnnə lilləhi və innə iləyhi raciun” deyir. Əli Əkbər bunun səbəbini soruşduqda İmam yuxusunu ona danışır. Əli Əkbər “Haqq bizimlə deyilmi?” deyə sual edir. İmam cavabında ona buyurur: “Bizimlədir”. Əli Əkbər (ə.s) isə “Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur” deyir.

Bəni-Haşim tayfasından ilk şəhid şəxs məhz Əli Əkbər (ə.s) olub. Şəhid olmazdan əvvəl Həzrət (ə.s) İmam Hüseynə buyurub: “Ata, mən şəhid olanda ağlama, çünki istəmirəm, düşmənlər sənin göz yaşlarını görsünlər”. İmam Hüseyn oğlunun qanlı nəşini qucağına götürərək buyurdu: “Səndən sonra dünyanın başına kül olsun! Səni öldürənləri Allah öldürsün!”.

Əli Əkbər ibn Hüseyn (ə.s) atası və döyüş yoldaşları ilə birlikdə Kərbəlada dəfn olunub.