Azərbaycanda şəxsiyyət vəsiqəsi və xarici pasporta hicabla şəkil çəkdirməyə icazə verilmir. Lakin beynəlxalq standartlara uyğun olaraq hicabla şəkil çəkdirməyə icazə var. Bu, hicablı qadınlar üçün mühüm əhəmiyyət kəsb etsə də, aidiyyəti qurumlar məsələ ilə bağlı tədbir görmür.

Azərbaycanda şəxsiyyət vəsiqəsi Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ASAN xidmət adlı qurum vasitəsilə verilir. ASAN xidmətin saytında “Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi” adlı bölümdə vəsiqə üçün tələb olunan zəruri sənədlər siyahısı dərc olunub. Bölümün 2-ci bəndində şəxsiyyət vəsiqəsi üçün çəkilən şəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olmasının vacibliyi qeyd olunub.

İCAO-nun 9303 nömrəli – “Portrait Quality” sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin nümunələrdə hicabla şəkil çəkməyə (üz açıq olmaq şərtilə) icazə verildiyi göstərilib.

Sirat.az ASAN xidmətlə əlaqə saxlayıb xanımlara hicabla (üz açıq olmaq şərtilə) şəxsiyyət vəsiqəsi və xarici pasporta şəkil çəkdirməyin mümkünlüyü barədə sual verib. Lakin qurumun verdiyi məlumata əsasən, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu üçün təqdim edilən şəkil baş örtüksüz (hicabsız) olmalıdır. ASAN xidmətə şəkil tələblərinin İCAO tərəfindən müəyyən edilməsini bildirdikdə isə DİN-ə müraciət etmək cavabı verildi. “Xidmət DİN tərəfindən bu formada həyata keçirilir. Tərəfimizdən qanun şərh olunmur. Zəhmət olmasa, həmin qurumla əlaqə saxlayın”, – deyə ASAN xidmətin əməkdaşı bildirib.

Məsələ ilə bağlı ötən il DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlama verib: “Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən, vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin nümunələrdə fotoşəklin baş örtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub”.

2020-ci ildə Ombudsman Aparatından sözügedən məsələ ilə bağlı daxil olan şikayətlərin yoxlanılması ilə əlaqədar DİN-ə müraciət ünvanlanıb. DİN eyni cavabı versə də, həmin nəzərdə tutulmuş halları sadalayıb. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Lakin bu gün hicablı qadınlar hələ də baş örtüyü ilə sənəd əldə etməkdə çətinlik çəkirlər.

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovun sözlərinə görə, ASAN xidmət mövcud vəziyyəti əsaslandıra bilmir. “Vətəndaşlara hər zaman qanun çərçivəsində xidmət göstərən struktur bu dəfə onların hüquqlarını birbaşa pozur. ASAN xidmət hicabda şəkil çəkdirməyə icazə vermir, bununla da nəinki Konstitusiyaya, hətta Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına da məhəl qoymur”, – deyə Mahmudov əlavə edib.

Eyni zamanda, Elşad Mahmudov xarici ölkələrdən qadınların Azərbaycana çadra və hicabla gəldiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onlara hicablı fotoşəkli olan arayış əsasında ölkəyə daxil olmaq, habelə daimi yaşamaq üçün icazə verir.