Məqbərə Sabirabad rayonunda, magistral yolun kənarında yerləşir. Türbə 1585-ci ildə inşa edilib. Ehtimal edilir ki, məqbrə Şah İsmayıl Xətainin yaxın adamları tərəfindən tikilib.

Burada Baba Samid adlı şəxs dəfn edilib. Türbədə ərəb-fars dillərində yazılmış kitabə həkk olunub. Həmçinin burada türbənin Səfəvi şahı I Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri 1585-ci ildə “xoşbəxtliklər mənbəyi olan seyidlərin başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur” sözləri yazılmışdır. Baba Samid Hacı Bektaşın oğludur. Ehtimal edilir ki, Hacı Bektaşın İmam Rzanın (ə.s) nəslindən olması onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir. Kitabədə, həmçinin Qurandan ayələr yazılmışdır.

Türbənin əsas binası kvadrat formasındadır. Ziyarətgah iki hissədən ibarətdir: türbə və namazgah. Məqbərənin divarları müxtəlif nəbati ornamentlərlə və həndəsi fiqurlarla işlənib. Sərdabənin giriş qapısının ön tərəfində divarda şüşə üzərində ərəbcə “La İlahə İlləllah, Əli, Məhəmməd” sözləri yazılıb.

Pirin ərazisində, həmçinin Şirvanın ilk xanı olan Ağası xanın övladlarının bəziləri və bir xanımı burada dəfn olunub.

Mənbələr:

  1. Акты, собранные Кавказской археографической комиссией. Т. 5. 1873.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.sabirabad-ih.gov.az