Bir sıra müsəlman hesab edir ki, gəlir yeri olmadığından haram pul əldə etmək yeganə çıxış yoludur. Onlar belə vəziyyətə haram pul qazanmağı istisna hal kimi dəyərləndirirlər. Lakin İslam şəriəti insana bunun səhv və məntiqə uyğun düşüncə olmadığını öyrədir.

Ayətullah əl-Üzma Seyyid Əli Sistani heç bir halda haram gəlir əldə etməyi caiz bilmir. Alimin nəzərinə görə, müsəlman şərab satmaq, restoranda şərab şüşələrini təmizləmək və orada haram içki paylayaraq xidmət göstərmək haramdır. Bundan əlavə, bu işdən əldə olunan gəlir də haram pul hesab edilir.

Şərab dedikdə, məsələ yalnız üzümdən əldə olunan şərabdan getmir. “Şərabə” sözü ərəbcə “içmək”, “Şarab” isə “içəcək (içki)” mənasını ifadə edir və burada hər növ alkoqollu içki nəzərdə tutulur. Quranda bu “xamr” adlanan söz ilə ifadə olunur. Əllamə Təbatəbai Təfsirul-Mizan kitabında “Xamr” sözünün mənasını qıcqıran və məstedici maye olaraq adlandırır.

Seyyid Əli Sistani eytiyacsızlıqdan harama əl atmaq barədə öz risaləsində Quranın Təlaq surəsinin 2-3-cü ayələrini misal çəkir. Ayədə deyilir: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”.

İslamda hər kəsin öz ruzi payının olması kimi bir anlayış var. Bu pay günah müqabilində azalar, savab müqabilində isə çoxalar. Lakin hədislərdə deyildiyi kimi, heç kim öz ruzisini tam almamış dünyadan köçməz. Bəziləri hesab edə bilər ki, pul qazanmaq üçün elm, təhsil və savad lazımdır. Lakin İmam Əli (ə.s) bunun belə olmadığına dair hədis deyib. Həzrət (ə.s) buyurub: “Ruzi qazanmaq ağıl ilə olsa idi, heyvanlar və dəlilər ac qalardı”. Təbii ki, həyatda acından ölən insan və heyvan olur. Lakin diqqət yetirdikdə əksər səbəblərin ya xəstəlik, ya ruzi axtarmamaq səbibndən olduğunu görərik. Hər bir canlı qida axtarmaq, özünə yaşayış yeri düzəltmək kimi instinktlərə sahibdir. Lakin bu instinktlər pozulduqda nəticə də anoloji olur.

Quran və hədislərin buyurduğu kimi, Allaha təvəkkül edib ruzi axtarmağa çıxan şəxsi Allah naümid qoymaz. Ən gözəli isə, əldə olunan ruzi halal və yaradanın razılığı ilə qazanılsın.