Bu gün, şaban ayının 4-ü (7 mart) Həzrət Əbəlfəzl Abbasın (ə.s) mövlud günüdür. Həzrət (ə.s) İmam Əlinin (ə.s) və Ümmübəninin oğlu, İmam Həsən (ə.s) və İmam Hüseynin (ə.s) qardaşıdır. Həzrətin adı Abbas, ləqəbi isə “Əbəlfəzl”dir, yəni “fəzilət atası”.
Əlbəlfəzl ağa (ə.s) hicrətin 26-cı ilində dünyaya göz açıb. Həzrət şücaətli, sadiq, mərd, rəşadətli, mehriban və səmimi insan kimi tanınır. Onun bütün ömrü Allaha xidmət göstərməklə keçib. Əbəlfəzl Abbas 14 il müddətində atasının yanında olmuş və Həzrət Əlinin (ə.s) elm, hikmət və mənəviyyatından bəhrələnmişdir. İmam Səccad (ə.s) həzrətin barəsində belə buyurub: “Həzrət Abbas təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, həzrət Peyğəmbərin varisi və vəlisi həzrət Əlinin, həmçinin behişt cavanlarının ağaları olan Həsən və Hüseynin elmindən faydalanmışdır”.
Həzrət Əbəlfəzl (ə.s) qardaşı İmam Hüseynə (ə.s) çox bağlı idi. Əbəlfəzl ağanın (ə.s) kulminasiya nöqtəsi Kərbəlada baş verən hadisələrdir. O, İslam dininin həyatda qalması üçün İmam Hüseynlə (ə.s) çiyin-çiyinə düşmənlərə qarşı savaşıb. O, İmam Hüseynin (ə.s) Kərbəla döyüşü zamanı bayraqdarı olub. Belə ki, adətə görə, bayraq ordunun güclü döyüşçüsündə olmalıdır. Bu səbəbdən ağanın ləqəblərindən ən məşhuru da “Ələmdar” (bayraqdar) olub.
Hicrətin 61-ci ilində, məhərrəm ayının 10-u Həzrəti Əbəlfəzl (ə.s) Kərbəlada böyük fədakarlıq nümayiş etdirib. Yezid ordusu susuz qalan Peyğəmbər (s) ailəsinə Fərat çayına gedən yolu qapayıb. Lakin Əbəlfəzl Fərata yetişərək İmam və ailəsinə su yığıb geri qayıdır, özü isə bu sudan bir damcı belə içməyib. Yolda Şümrün qoşunu onu bu işdən çəkindirməyə çalışsa da, Həzrət razı olmayıb. Kafirlər Həzrətin xeymələrə su çatdırmasına mane olmağa cəhd göstəriblər. Onlar meydanda tək qalan Həzrətlə döyüşə girib, onun hər iki qolunu kəsib, sonda isə özünü qətlə yetiriblər. Həzrət Abbas İmam Hüseynin qardaşı olmasına baxmayaraq, daim onu “İmam” və ya “Ağa” deyə çağırardı. Lakin şəhid olduğu an üzünü İmama tərəf tutub: “Qardaşım!” deyə səsləndi. Abbasın (ə.s) şəhadətindən sonra İmam Hüseyn (ə.s) “İndi belim sındı” deyə ah çəkdi.