Yezid ibn Müaviyə İmam Hüseyndən (ə.s) beyət almasını tələb edəndən sonra rəcəbin 28-i Həzrət (ə.s) 82 nəfərlə birlikdə Mədinədən Məkkəyə yola düşür. Şaban ayının 3-ü isə İmam (ə.s) Məkkəyə çatır.

Müaviyənin ölümündən tayfaların hələ ki xəbəri yox idi, bu səbəbdən şəhərlərdə hakimiyyətə qarşı etirazlar qalxmamışdır. İmam Hüseyn (ə.s) elə bir şəhərə köçməli idi ki, orada maneəsiz fəaliyyətini davam edə bilsin. Həzrət Məkkə şəhərini ona görə seçib ki, bu şəhər müsəlmanların cəmləşdiyi (Həcc) və güvənli bir yerdir: “Kim ora daxil olsa, amandadır (amanda olmalıdır)”. [Ali-İmran, 97]

Bundan əlavə, bu şəhərdən digər böyük şəhərlərlə (Kufə, Bəsrə) əlaqə saxlamaq daha asan idi.

Məkkəyə daxil olduqdan sonra Həzrət (ə.s) moizə və çıxışları ilə müsəlmanları İslamın qanunlarını dirçəltməyə çağırırdı. Hicrətin 60-cı ilinin zilhiccə ayının 8-nə kimi İmam Hüseyn (ə.s) Məkkədə qalmışdır. Lakin Kufədən dəvət məktubları alması səbəbindən Həzrət oraya yola düşdü. İmam Hüseyn (ə.s) Yezidə beyət etmədiyinə görə, muzdluların ona qarşı hücumundan xəbərdar idi. Həzrət müqəddəs Məkkə şəhərini qandan qorumaq məqsədi ilə Kufəyə köçdü.