Azərbaycanda hər il Ramazan ayının ilk günündə ayın görünüb-görünməməsi məsələsi mübahisəli məsələlərdən birinə çevrilir. Adətən, bu mövzuda çətinliklər yalnız şəriət hökmləri barədə məlumatın azlığından irəli gəlir. Sirat.az məsələ ilə bağlı bir neçə məqamı oxuculara təqdim edir.

İslam alimlərinin nəzərincə, şəriətdə hilalın (ayın) sabit olması (görünməsi) dörd üsulla isbat edilir. Bunlar:

  1. İnsanın özünün ayı müşahidə etməsi;
  2. Sözləri yəqinlik, yaxud arxayınlıq hasil edən bir dəstə insanın həmin şəhərdə, yaxud onunla eyni üfüqə malik olan şəhərlərdə ayı müşahidə etdiklərini söyləməsi;
  3.  İki adil (ədalətli) kişinin gecə ayı gördüklərini söyləməsi;
  4.  Ötən ayın başlanğıcından otuz günün keçməsidir.

Adətən, müsəlmanlar ayın görünməsində müctəhidin fətvasını gözləyilər. Lakin alimlər ayın əvvəlinin elan olunması məsələsinin şəriət hökmü olmadığını deyirlər. Yəni ayın sabit olub-olmamasında təqlid yoxdur. Amma burada az öncə qeyd olunan 2-ci və ya 3-cü şərti əsas götürüb müctəhidin sözünə istinad etmək olar. Misal: Ayətullah Məkarim Şirazi Azərbaycanda ayın göründüyünü deyir. Bu, o deməkdir ki, Məkarim Şirazini ədalətli və sözünə inanılacaq şəxs hesab edən kəs üçün ay sabit olur. Burada məsələ təqliddə deyil, etimaddadır.

Digər bir məsələ isə ayın adi gözlə və ya xüsusi cihazla görünməsindədir ki, bu məsələdə müctəhidlər arasında fikir ayrılığı mövcuddur.

Ayətullah Xamenei ayın adi gözlə və ya teleskop kimi xüsusi cihazlar vasitəsilə görünməsində heç bir fərqin olmadığını hökm edir. Lakin Seyyid Əli Sistani və Məkarim Şirazi hilalın mütləq şəkildə gözlə görünməsinə dair fətva veriblər. Yəni teleskop və ya binokl ilə ayı görən kəs üçün ay sabit olmur.

Üçüncü məsələ üfüq məsələsidir. Burada bir şeyi yadda saxlamaq lazımdır ki, bir şəhərdə ayın görünməsi, onunla eyni üfüqdə yerləşən şəhərlər üçün yeni ayın əvvəli deməkdir.