Mübarək Şaban ayının birinci gününün xoşbəxtlik və bədbəxtlik yollarının mənəvi misalı olaraq İmam Əli (ə.s) Peyğəmbərdən (s) bəyan edib:

Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kim bu gün xeyir işlərdən birini yerinə yetirsə, Tuba ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cənnətə tərəf aparar. Hər kim bu gün şər işlərdən birini yerinə yetirsə, Zəqqum ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cəhənnəmə tərəf sürüklüyər”.

Daha sonra Həzrət (s) buyurdu: “Hər kim bu gün (vacib namazlardan əlavə) müstəhəb namaz qılsa, yaxud oruc tutsa, yaxud ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını düzəldib barışdırsa, Tuba ağacının şaxələrinin birindən tutmuşdur. Həmçinin, əgər bir kəs camaata olan borcunu ödəsə, bir yetimi himayəsinə götürsə, dayaz düşüncəli bir şəxsin camaatın abır və heysiyyətinə xələl gətirməsinin qarşısını alsa, Quran oxusa, Allahın nemətlərinə şükür etsə, bir xəstəyə baş çəksə, ata-anaya yaxşılıq etsə, bir möminin dəfnində iştirak etsə, ümumiyyətlə, hər hansı bir xeyir iş görsə, Tuba ağacının şaxələrinin birindən tutmuşdur”.

Sonra isə Peyğəmbər (s) belə buyurdu: “And olsun məni peyğəmbərliyə seçən kəsə ki, hər kəs bu ay şər və günah qapılarından birinə tərəf getsə, Zəqqum ağacının şaxələrinin birindən tutmuşdur: hər kim vacib namaza qarşı səhlənkarlıq etsə, öz çətinliyini açıqlayıb kömək istəyən ehtiyaclı şəxsə imkanı ola-ola kömək göstərməsə və ona əl tutmasa, ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını vurub onların arasında ixtilaf yaratsa, camaata olan borcunu inkar etsə, yetimlərin qayğısını çəkməkdən boyun qaçırsa, fəsad məclislərinin xanəndələrinin yanına getsə, öz zülmlərini və günahlarını dilə gətirib onlarla fəxr etsə, xəstə qonşusuna baş çəkməsə, ata və anasını özündən narazı salsa… Bütün bunların hamısı Zəqqum ağacının şaxələrindən tutmaqdır”.

(Biharul-ənvar, c.8, s.117-118)