Şaban ayı Ramazan ayına son hazırlıq ayıdır. Bu ay müsəlmanlar üçün xüsusi bir aydır. Belə ki, şabanın 15-i zəmanə İmamı Həzrət Mehdinin (ə.f) mövlud günüdür.

Bu ayda ən çox tövsiyə edilən əməllərdən biri oruc tutub, çoxlu sədəqə verməkdir. Peyğəmbər (s) özü də şaban ayının orucunu tutar və başqalarını da bu əmələ dəvət edərdi.

Şaban ayının bir sıra digər əməlləri də var. Bunlardan başlıcası salavat göndərmək və hər gün 70 dəfə “Əstəğfirullahə və əs’əluhut-təubə” (Allah məni əfv etsin və tövbə qismət etsin!) deməkdir. Bundan əlavə, ay boyunca 1000 dəfə “La ilahə illəllah və la nə’budu illa iyyahu muxlisinə ləhud-dinə və ləu kərihəl-muşrikin” (“Allahdan başqa tanrı yoxdur, yalnız Ona ibadət edir, yalnız Onun dinini qəbul edirik, müşriklərin xoşuna gəlməsə də”) demək tövsiyə edilir.

Şaban ayının 15-də isə İmam Zamanın (ə.f) mövludu günü Şabaiyyə münacatını oxumaq bəyənilir. O gecə, həmçinin əhya saxlamaq günahların bağışlanmasına səbəb olar.

Bu ayın ilk gecəsi qüsl alıb on iki rəkətli namaz qılmaq Şaban ayının əməllərindən hesab edilir. Namazın hər rəkətində “Həmd”dən sonra on bir dəfə “İxlas” surəsi deyilməlidir. Allahın Rəsulu (s) buyurub: “Şaban ayının ilk üç gününü oruc tutmağın və gecələrində iki rəkət namaz qılmağın çoxlu savabı vardır”. Gündəlik olaraq isə bu ayda hər axşam Cəfəri Təyyar namazı qılmaq müstəhhəb sayılır.