Şaban ayı martın 3-ü məğrib namazından sonra daxil olur. Şaban ayının birinci günü martın 4-nə təsadüf edir.

Mübarək şaban ayı Ramazan ayına hazırlıq və Allaha yaxınlaşmaq üçün yaxşı fürsətdir. Peyğəmbər (s) bu mübarək ayın fəziləti haqda belə nəql edib: “Şaban ayı mənim ayımdır və bu ayda mənə kömək edənləri (oruc tutanları) Allah bağışlasın”. Bu sözlərdən sonra İmam Əli (ə.s) buyurdu: “Mən bu sözləri Rəsulallahın (s) carçısından eşitdikdən sonra şaban ayının orucunu əsla keçirmədim və nə qədər ki həyatdayam, keçirməyəcəyəm, İnşaAllah”.

Bu ayda istiğfarların, ibadətlərin, təfəkkürlərin böyük əhəmiyyəti var. Şaban ayı bəndələrin nəfslərini təmizləmə, tövbə etmə, ləyaqət və şərafət əldə etmə, yalandan, böhtandan, iftiradan, qeybətdən və digər ruh xəstəliklərindən müalicə olunma ayıdır.

Bu ayda müsəlmanlara oruc tutmaq və çoxlu dua etmək, bu ayın bərəkətindən istifadə etmək tövsiyə olunur. Xüsusilə də, şaban ayının 13, 14, 15-ci günlərində oruc tutmaq bəyənilir. Rəsullulah (s) şaban ayının oruclarına “Peyğəmbərin məhəbbətinə və Allaha yaxınlıq” adını verərdi.

Məhəmməd Peyğəmbər (s) buyurub: “Hər kim Şaban ayının birinci gününü oruc tutsa, Allah həmin bəndəyə 70 həsənə yazar ki, bu həsənələrin hər biri bir illik ibadətin savabına bərabərdir. Hər kim bu ayda iki gün oruc tutsa, həmin bəndənin böyük günahları silinər. Hər kim bu ayda üç gün oruc tutsa, cənnətdə onun üçün dürr və yaqutdan yetmiş dərəcə ucaldılar. Hər kim bu ayda otuz gün oruc tutsa, Cəbrail ərşdən ona belə bir nida edər: “(Ey bəndə) Əməllərinə yenidən başla. Çünki Allah sənin keçmişdə etdiyin bütün günahları bağışladı”. Allah isə həmin bəndəyə belə buyurar: “Əgər sənin günahların göydəki ulduzlar, yağış damlaları, ağacların yarpaqları, səhranın qumları qədər və dünyanın günləri qədər olsa belə, mən onları bağışlayıram. Allahın bu rəhməti və mərhəməti sənin üçün uzaq deyildir. Çünki sən Şaban ayını oruc tutmusan!”