Bu gün, rəcəb ayının 28-i (2 mart) İmam Hüseynin (ə.s) Mədinədən Məkkəyə tərəf yola düşdüyü gündür. Həzrətin (ə.s) karvanı şaban ayının 3-ü Məkkəyə çatır.

Hərəkətə səbəb xəlifə Müaviyənin sülh müqaviləsinin şərtlərini pozması olub. İmamla Müaviyənin saziş şərtləri bu idi ki, ondan sonra xəlifə İmam Həsən (ə.s) olacaq və Həzrətlə bir hadisə baş versə, yerinə İmam Hüseyn (ə.s) keçəcək. Lakin rəcəb ayının 15-də Müaviyə ölüb. Ömrünün son anlarında İmam Həsənlə (ə.s) bağladığı sülh sazişinə baxmayaraq, öz oğlu Yezidi özündən sonra xəlifə elan edib. Yezid müsəlmanlardan beyət aldıqdan sonra Mədinə valisindən İmam Hüseyndən (ə.s) də beyət almasını istəyib. Mədinə valisi Vəlid ibn Ütbə İmamın Hökumət binasına (Darul-imarə) gəlməsi üçün arxasınca bir nəfəri göndərib. Lakin İmam Hüseyn (ə.s) Vəlidin məqsədini başa düşüb. O, Bəni Haşim cavanlarına göstəriş verib ki, silahlarını götürsünlər və lazım olarsa, onu qorusunlar.

İmam (ə.s) hökumət evinə daxil olduqdan sonra Vəlid ondan Yezidə beyət etməsini istədi. İmam isə cavabında buyurdu: “Onda sabaha qədər mənə icazə ver, öz qərarımı sənə deyim”. Lakin Yezid tərəfindən İmama təzyiq üçün göndərilən Mərvan ayağa qalxaraq dedi: “Əmirəlmomininlə beyət et!”. İmam ona belə buyurdu: “Yalan dedin! Vay olsun sənin halına! Kim Yezidi möminlər üçün onların xəlifəsi seçib!?”

Bu zaman Mərvan əmr etdi ki, İmamı (ə.s) öldürsünlər, lakin qapının arxasında dayanan İmamın köməkçiləri içəriyə girib Həzrəti qorudular. Bu hadisədən sonra İmam 82 nəfərlə birlikdə Məkkəyə tərəf yola düşdü.

“Mən nə şöhrət, nə fəsad törətmək, nə də zülm etmək üçün qiyam edirəm. Mənim qiyamım cəddimin ümmətinin vəziyyətini islah etmək üçündür. Qiyam edirəm ki, yaxşılığa çağırım, pis işlərdən çəkindirim, babam Məhəmmədin (s) və atam Əlinin (ə.s) sünnəsinə əməl edim. Mənim haqlı olduğumu qəbul edən bilsin ki, Allah haqqın mənbəyidir və onun mükafatını verəcəkdir. Dəvətimi qəbul etməyənlərə qarşı dözümlüyəm. Allah mənimlə onlar arasında ədalətlə hökm etsin. Çünki Allah ən yaxşı hakimdir. Qardaşım! Mənim sənə vəsiyyətim budur”, – Bu məktubu İmam Hüseyn (ə.s) möhürləyərək qardaşı Məhəmməd Hənəfiyyəyə verir.