Martın 1-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Bakının Heydər məscidini ziyarət ediblər. Bu barədə institutun mətbuat xidməti məlumat verib.

Tələbələri məscidin axund müavini Rza Rzayev və axund köməkçisi Cəfər Cəfərov qarşılayıb. Din xadimləri tərəfindən tələbələrin sualları cavablandırılıb və müxtəlif mövzular üzərində müzakirələr aparılıb. Bundan əlavə, tələbələrə ibadətgahın inşası və fəaliyyəti barədə məlumat verilib.

Təhsil ocağından verilən məlumata əsasən, belə tədbirlər tələbələrin dünyagörüşlərinin formalaşmasına, fərdi özünüifadə və intellektual səviyyənin inkişafına yardım edir.

Bundan öncə, fevralın 22-də Aİİ-nin rektoru Aqil Şirinov IV kurs tələbələrinin məscidlərdə təcrübə keçəcəkləri barədə məlumat verib. O, tələbələrlə görüş keçirib və onlar üçün sözügedən tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.