Məkkədə nazil olmuş Yasin surəsi Quranda sayca 36-cıdır və 83 ayədən ibarətdir. Məhəmməd Peyğəmbər (s) Yasini Quranın qəlbi adlandırdı. Bu surənin misilsiz fəzilətləri var.

Adətən, bu surə ölən şəxsin arxasınca oxunur. Rəvayətlərə görə, bu surə ölüm ayağında olan xəstə üçün oxunarsa, surənin hərfləri qədər 10 mələk sıraya düzülər və onun üçün istiğfar edər, ruhunun alınmasına şahid olarlar.

Yasin surəsinin insana təsirləri: ac olanı doyurar, susuzluğu aradan qaldırar, insana ailə həyatı qurmağa yardım edər, qorxudan hifz edər, əmin-amanlıq və şəfa verər,  insan zindandan xilas olunar, müsafir olarsa, səfərdə ona yardım edilər. Əgər itmiş əşyası olarsa, onu tapar. Ölünün yanında oxunarsa, Allah ona asanlıq verər.

İmam Baqirdən (ə.s) nəql olunur:Hər kim ömründə bir dəfə “Yasin” surəsini oxuyarsa, Allah dünyada, axirətdə və səmada xəlq olmuşların sayı qədər ona iki min həsənə (xeyir) yazar və iki min günahını pak edər. Yoxsulluğa, maddi ziyana, avara qalmağa, çarəsizliyə, dəliliyə, cüzama, vəsvəsəyə və ziyanlı xəstəliklərə düçar olmaz”.

İmam Cəfər Sadiq (ə.s) buyurub: “Həqiqətən, hər bir şeyin qəlbi var. Quranın da qəlbi “Yasin” surəsidir. Elə isə hər kəs gündüz Yasin surəsini oxusa, o gün Allah-Təala onu bəlalardan hifz etmiş və ruzi əta etmiş olar. Hər kəs gecə yatmazdan əvvəl bu mübarək surəni qiraət etsə, Haqq-Təala onu qovulmuş şeytanın şərindən və hər cür bəlalardan hifz etmək üçün min mələyi vəkil qərar verər. Əgər həmin gün o, dünyadan köçsə, Allah-Təala onu behiştə daxil edər, onu qüsl edərək, otuz min mələk onun üçün istiğfar deyərək, Allahdan bağışlanmaq diləyər. Allah-Təala onun qəbrini gözləri görəcək yerədək geniş edib onu qəbrin darlığından xilas edər”.

Hədislərə əsasən, hər kim Yasini tilavət etsə, “Qurani-Kərim”i 12 dəfə oxumuş hesab edilər. Surənin xətmi 20 dəfə Həccə gedənin savabına bərabərdir.

Ayətullah Müctəba Xorasani Yasin surəsini oxumamışdan əvvəl və sonra 14 dəfə salavat deməyi tövsiyə edərdi. Onun sözlərinə görə, o həyatda hər şeyə bu surənin oxunuşu sayəsində nail olub.