Bu gün, rəcəb ayının 27-si (1 mart) Məbəs bayramıdır. Bu gün Həzrət Məhəmmədin (s) peyğəmbərliyə təyin olunması günüdür.

Hicrətdən on üç il əvvəl Məkkə yaxınlığındakı Hira mağarasında vəhy mələyi Cəbrail (ə.s) Həzrət Peyğəmbərə (s) Allahın: “oxu”,- deyə əmrini çatdırıb. Həmin “oxu” sözü bu gün Quranın nazil olan ilk ayəsidir (Ələq surəsi 1-ci ayə). Ələq surəsinin bir neçə ayəsini Peyğəmbərə (s) çatdırdıqdan sonra Cəbrail (ə.s) buyurdu: “Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm”.

Evə qayıtdıqda Həzrətin (s) zövcəsi Xanım Xədicə (s.ə) onun üzündəki həyəcanı görüb səbəbini soruşdu. Peyğəmbər də ona baş verən hadisəni danışdı. Nəticədə xanımı onun dediklərinə iman gətirib İslamı qəbul edən ilk şəxs oldu.

Üç il müddətində Məhəmməd Peyğəmbər (s) gizli təbliğat aparıb. Lakin Şuəra surəsinin 214-cü ayəsi nazil olduqdan sonra Həzrət peyğəmbərliyini qohumlarına bəyan etdi. Ayədə deyilir: “Və yaxın qohumlarını qorxut”. Peyğəmbər nübuvvət vəzifəsini qohumlarına çatdırsa da, onların arasında iman gətirən şəxs yalnız İmam Əli (ə.s) oldu.

Hicr surəsinin 94-95-ci ayəsinin nazil olması ilə  Peyğəmbərə aşkarda təbliğat aparmaq əmri gəldi: “Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq!” (Hicr 94-95).

Abu Cəhl və Qureyş qəbiləsinin böyükləri gecə vaxtı Peyğəmbərin (s) evinə hücum edib onu qətlə yetirmək qərarına gəldilər. Lakin həmin gecə İmam Əli (ə.s) onun yatağına uzanaraq düşmənləri təkbaşına qarşılayıb. Bu zaman isə Peyğəmbər Allahın əmri ilə Məkkədən Mədinə şəhərinə hicrət edib. Mədinə əhli onu qəbul edib, İslama iman gətiriblər. Dünyada ilk məscid də (Qoba məscidi) məhz Mədinə yaxınlığında Qoba adlı məntəqədə inşa olunub.

23 illik təbliğatdan sonra Həzrət Peyğəmər (s) vida həccini yerinə yetirir. Bu zaman o, Qədir-Xum adlı məntəqədə özündən sonra müsəlmanlara başçılıq edən şəxsin İmam Əli (ə.s) olduğunu elan edib.