Xanım Məryəm (s.ə) cənnətin seçilmiş dörd qadınından (Xədicə (s.ə), Fatimə (s.ə) Asiya (s.ə), Məryəm (s.ə)) biridir. Xanım Məryəm yeganə qadındır ki, adı Qurani-Kərimdə keçir. Quran Məryəmi binti İmranı seçilmiş, pak, ismətli, möminələrin nümunəsi, düzünü danışan və mələklərlə söhbət edən xanım kimi təsvir edir.
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə elə və rükuya gedənlərlə birlikdə rükuya get!”. [Ali-İmran, 42-43]
Xanım Məryəm (s.ə) Allaha ibadət etməyi çox sevərdi. İmam Sadiqdən (ə.s) nəql olunur ki, Məryəm (s.ə) iki gün oruc tutar və bir gün yemək yeyərdi. Rəvayətlərə görə, İsa peyğəmbər (ə.s) Məryəmin (s.ə) məzarına gəlib soruşdu: “Ana, mənimlə danış, dünyaya qayıtmaq istəyirsənmi?“ Məryəm (s.ə) dedi: “Bəli, qayıtmaq istəyirəm. Qışın soyuq gecələrində Allaha namaz qılmaq, isti günlərdə oruc tutmaq üçün qayıtmaq istəyirəm. Övladım, bu yol çox qorxuludur”.
Rəvayətlərdə bildirilir ki, Məryəm (s.ə) Allah tərəfindən sınaqlara çəkilmiş və bu sınaqlardan layiqincə keçmişdir. O, namusunu qoruyan, iffətli bir qadın olduğuna görə, Həzrət İsanın (ə.s) anası olmağa layiq olub.
“Biz Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) tam bir insan surətində göründü. (Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə, (mənə toxunma)!” (Cəbrail:) “Mən sənə ancaq tər-təmiz bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin elçisiyəm!”. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır””. [Məryəm, 17-21].
İmam Sadiqdən (ə.s) nəql olunur: “Qiyamət günü gözəl üzlü və öz gözəlliyinə aldanıb günaha düşən qadını mühakimə üçün gətirərlər. O deyər: “Pərvərdigara, mənə gözəllik bəxş etdiyinə görə belə bir günaha düşmüşəm.” O zaman Məryəmi (s.ə) ora gətirərlər və o qadından soruşarlar: “Sən gözəl idin, yoxsa Məryəm? Ona da gözəllik bəxş etdik, amma aldanmadı”.