Bu gün, fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Xankəndidə və Əsgəranda azan səsləndirilib. Bu barədə Trend xəbər verib.

Azanın Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirildiyi bildirilib. Bildirilib ki, bu, əvvəllər Şuşa və Ağdam Cümə məscidlərində oxunan azanın audioyazısıdır.

Məlumata görə, müqəddəs çağırış səsi səyyar səsyayıcı stansiyalar vasitəsilə ermənilərin yaşadığı ərazilərdə eşidilib. Bundan əlavə, növbəti azanın bu gün saat 16:58-də səsləndiriləcəyi bildirilib.

Yayımlanan azan Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadəyə məxsusdur. Müəzzinin səsi Qarabağın işğalından əvvəl yazılıb və “Zəminxarə” muğamı üstündə oxunub. Hafiz Sədrzadə uzun illər Ağdamda yaşayıb, müharibədən sonra isə məcburi köçkün olaraq Bakıda məskunlaşıb. Onun atası uzun illər Ağdam Cümə məscidinin axundu olub.