1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində dinc sakinlərə qarşı genosid aktı həyata keçiriblər.
Xocalı soyqırımı zamanı 613 nəfər həlak olmuş, 487 dinc sakin yaralanmışdır. Həlak olanların arasında 63 uşaq, 106 nəfər qadın, 70 qoca var idi. 8 ailə tamamilə məhv ediımişdir, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər əsir götürülmüşdür, onların 150-sinin taleyi bu günədək məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda şəhid olmuş 200 azərbaycanlının meyiti gətirilmiş və meyitlərin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 130 kişi, 51 qadın və 13 uşaq məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Ermənilər sağ qalmış insanların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar.
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir.