Bu gün, rəcəb ayının 24-ü (26 fevral) Xeybər qalasının müsəlmanlar tərəfindən fəth olunduğu gündür.
Mədinə şəhərində təqribən 120 kilometr məsafədə yerləşən Xeybər qalası müsəlmanlar üçün böyük strateji əhəmiyyət kəsb edirdi. Tarixə görə, 20 minədək yəhudi bu möhkəm qalanın divarları əhatəsində məskunlaşmışdı. Onarın öz çeşmələri, xurma bağları və əkin sahələri var idi.
Hicrətin 7-ci ilində müsəlmanlar həmin qalaya tərəf hərəkət ediblər. Xeybərə çatdıqda onlar orada düşərgə qurub qala sakinləri ilə danışıqlara başladılar. Burada məqsəd İslama dəvət və sülh idi. Lakin müsəlmanlar düşmən kimi qarşılandı və qala qapıları 25 gün onların üzünə bağlı qaldı. Peyğəmbər (s) qalanın qapısının açılması üçün bayrağı Əbu Bəkrə, sonra isə Ömərə verdi. Amma onlar göstərişi yerinə yetirə bilməyib geri qayıtdılar. Bundan sonra yəhudilərlə döyüşə bir neçə müsəlman cəngavər də göndərildi, amma bütün səylər uğursuzluqla nəticələndi.
Qoşunun ruhdan düşdüyünü görən Həzrət Məhəmməd (s) buyurdu: “Sabah bayrağı bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun Peyğəmbərini dost bilir. O, bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır”. Bu sözlər hamını təəccübləndirdi və hər kəs sabah bayrağın ona veriləcəyini düşünürdü.
Növbəti gün Allah Rəsulu (s) buyurdu: “Əli haradadır?” Həmin dönəmdə İmam Əlinin (ə.s) gözləri ağrıyırdı, lakin o, Peyğəmbərin göstərişi ilə meydana çıxdı. İmam qalanın qapısına yaxınlaşdıqda düşmən əsgərləri ilə qarşılaşdı. Lakin İmam öz şücaəti ilə onları qalaya qayıdıb, orada gizlənməyə məcbur etdi. Bu zaman Xeybərin Haris adlı başçısı meydana atılaraq İmam Əli ilə döyüşə girdi. Həzrət (ə.s) ilk öncə onu İslama dəvət etdi, lakin Haris qəbul etməyib döyüş təklifni irəli sürdü. Nəticədə Həzrət (ə.s) bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın adlı-sanlı döyüşçüsü Mərhəb qardaşının qisasını almaq üçün döyüşə girdi. Qılınc zərbələri ona təsir etməzdi. Belə ki, o, iki zireh geyinər və polad dəbilqə qoyardı. Buna baxmayaraq, Həzrət Əlinin zərbəsi onun bütün zirehlərini yarıb başını ikiyə böldü. Sonda Harislə Məhrəbin qardaşı Yasər meydana girdi. Lakin o da bir zərbə ilə İmama məğlub oldu. Qorxuya düşən düşmən qoşunu qalaya daxil olub, qapıları bağladı. Bu zaman Həzrət Əli (ə.s) qalanın qapılarını qaldıraraq kənara atdı və müsəlmanlar qalaya daxil olaraq Xeybəri fəth etdilər.