Bakının Novxanı kəndində yerləşən tarixi məscid hələ də bərpa olunmayıb. İbadətgahın fəaliyyəti 1930-cu illərdən bəri dayandırılıb. Bu gün abidə yararsız vəziyyətdədir, ətrafı isə zibillə doldurulub.

Əvvəllər də sözügedən məsələ gündəmə gəlsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məscidin bərpasının karantindən sonraya qalmasını bildirib. Onun sözlərinə görə, abidənin təmir-bərpası karantindən sonra görüləcək ilk işlərdən biri olacaq.

Qafqazinfonun verdiyi məlumata görə, aidiyyatı qurumlarla əlaqə saxlanılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də məscidin uzun müddət təmir olunmaması səbəbindən qəzalı vəziyyətdə olduğunu təsdiqləyib. “Tarixi məscidin bərpa olunması məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”, – deyə qurumun rəsmisi qeyd edib.

Şah Sultan Hüseyn məscidinin tarixi XVII əsrə aid edilir və Azərbaycanın yerli əhəmiyyətli abidələri siyahısında yer alıb. İbadət evi Novxanı kəndinin ilk məscidi olub və zəngin tarixə malikdir. Kənd sakinlərinin sözlərinə görə, 1900-cü illərdə Məhəmməd Əmin Rəsulzadə İosif Stalini çar polisindən gizlədərək məhz bu məsciddə saxlayıb.