Türkiyədə 400 milyon müsəlmanın Halal turizmə cəlb edilməsi planlaşdırılır. Bu barədə fevralın 23-də İQNA xəbər verib.
Məlumatda 2030-cü ildə dünya əhalisinin 26,5 faizini müsəlmanların təşkil edəcəyi bildirilib. Bu səbəbdən müsəlmanların turizm daxil olmaqla bütün sektorlarda ən mühüm istehlakçı qruplarından biri olacağı qeyd olunub.
Beynəlxalq Halal Turizm Assosiasiyasının Məsləhət Komitəsinin üzvü Ömər Akgün Tekinin sözlərinə görə, halal turizm müsəlmanlar üçündür. Çünki müsəlmanların yerləşdirmə, qida və çimərlik kurortlarından istifadə qaydaları İslam şəriəti ilə uyğun olmalıdır.
Türkiyə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında müsəlman turizmi üçün əlverişli şəraitin olması baxımından Malayziya və İndoneziyadan sonra üçüncü ölkədir. Bundan əlavə, Türkiyə Səudiyyə Ərəbistanından sonra müsəlman turistlərin getməyə üstünlük verdiyi ikinci ölkədir.