Fevralın 24-də tarixçi-alim Nazim Mustafa İranın Ermənistandakı səfirliyinin iddiasını absurd adlandırıb. Bu barədə APA xəbər verib.

Azərbaycan parlamentinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdə olarkən Göy məscidi ziyarət ediblər. Məlumata görə, ziyarətdən sonra İranın Ermənistandakı səfirliyi Göy məscidin İran incəsənətinin simvolu olmasını iddia edib.

Nazim Mustafanın sözlərinə görə , abidə 1766-cı ildə Hüseyn Əli xan Qacarın əmri ilə inşa edilib. Hüseyn Əli xan isə irəvanlı olub. “Bu yöndə İranın Ermənistandakı səfirliyinin açıqlaması tamamilə absurddur. Bu məscidin İrana və farslara heç bir aidiyyəti yoxdur”, – deyə tarixçi əlavə edib. Nazim Mustafa Göy məscidin İranın adına yazılmasını Ermənistanın tarixi saxtalaşdırmaq cəhdi kimi dəyərləndirib.

Nazim Mustafa onu da qeyd edib ki, 1995-ci ildə məscidin bərpası üçün İran fondu 1 milyon dollar pul ayırıb. Həmin bərpa işləri 2006-cı ildə başa çatıb. “Bundan sonra Göy məscidi İran məscidi kimi təqdim etməyə başladılar və kitabəsini dəyişdilər”, – deyə Nazim Mustafa bildirib. 2015-ci ildə isə ibadətgah İranın mədəniyyət mərkəzi kimi 99 illiyə icarəyə verilib.

Göy məscid ölçüsünə görə İrəvanın ən böyük məscidi hesab edilir. İbadətgah 28 hücrə, kitabxana, ibadət zalı və həyətdən ibarətdir. Sovet dövründə məscidin 4 minarəsindən 3-ü dağıdılıb. Minarələrin hündürlüyü 24 metr təşkil edib. 1952-ci ildə məscidin bir hissəsi məktəb kimi istifadə edilib. Göy məscid XX əsrdə üç dəfə ermənilər tərəfindən yandırılıb. Yanğın ilk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında, üçüncü dəfə isə 1988-ci ildə baş verib.