Avstraliyanın ən qədim məscidinin 81 yaşlı nəzarətçisi qitədə İslamın necə yayılmasından danışıb. Bu barədə middleeasteye xəbər verib.

Nəzarətçi Avstraliyanın 17 min nəfərlik əhalisi olan Broken Hill şəhərindəki məsciddə işləyir. Onun adı Aminullah Şamruz olsa da, yerli sakinlər onu “Bobbi” deyə çağırır.

Aminullahın sözlərinə görə, Broken Hill məscidi 1887-ci ildə əfqan dəvəçiləri tərəfindən tikilib. 1800-cü illərdə Pakistan, Hindistan və Əfqanıstandan buraya 4000 yaxın dəvəçi gəlib. Yüksək temperatur və qumun istiliyi atların bu ərazilərdə xidmət göstərməsinə çətinlik yaradırdı. Bu səbəbdən Avstraliyaya 20 mindən çox dəvə gətirilib.

Müsəlman dəvəçilərin Avstraliyaya gəlməsi burada İslamın yayılmasına təkan verib. Həmin mühacirlər Broken Hilldə məskunlaşıb və yerli qadınlarla ailə həyatı qurub. Bununla da, ölkədə müsəlmanların sayı artmağa başlayıb.

Hazırda Aminullah üç qız atasıdır. Onun sözlərinə görə, o, birbaşa olaraq sözügedən dəvəçilərin nəslindəndir. Atası Şamruz Xan və babası Zeydullah Feyzullah dəvəçi olublar və hazırda onların övladının himayə etdiyi məsciddə namaz qılıblar.