Almaniyada müsəlmanlara qarşı cinayətlərin sayı azalıb. Bu barədə fevralın 23-də İQNA xəbər verib.
Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, ölkədə 2020-ci ilə nisbətdə müsəlmanlara qarşı cinayətlərin sayı 29 faiz azalıb. Belə ki, 2021-ci ildə 662 anti-islam hücumları törədilib. Sözügedən cinayətlərin ən çox olduğu dönəm isə 2017-ci il olub. Qeyd olunan tarixdə 950 cinayət baş verib. Cİnayətlər, adətən, təhdid məktubları, küçədə birbaşa hücumlar, müsəlman birliklərinin divarlarına boya ilə təhqir və təhdidlərin yazılması formasında baş verir.
2018-ci ildə müsəlmanlara qarşı 924, 2019-cu ildə 884, 2020-ci ildə isə 929 qanun pozuntusu qeydə alınıb. Almaniya Bundestaq deputatı Petra Paunun sözlərinə görə, cinayətlərin sayı azalsa da, gərginlik aradan qalxmayıb.
Ötən il Almaniyada müsəlmanlara qarşı münasibət haqda sosial araşdırma aparılıb. Sorğu 14-29 yaşlı gənclər arasında keçirilib. Onların 65%-i inanır ki, müsəlmanların din azadlığı hüququ var, lakin 18%-i bununla razı deyil.