Fevralın 22-də “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Məscidlərə axundların təyin edilməsi səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirilib. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.

İclasda Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən, ölkədə dinin dövlətdən ayrı olması bildirilib. Lakin parlament üzvlərinin sözlərinə görə, dini fəaliyyətin həyata keçirilməsi ilə bağlı zamana və şəraitə uyğun dəyişikliyə ehtiyac yaranıb.

Dinin milli-mənəvi dəyər olduğu və bunun, eyni zamanda, milli təhlükəsizlik məsələsi olduğu qeyd edilib. Dövlətin əsas vəzifələrindən birinin isə ölkəni xarici ideoloji təhdidlərdən qorumaq və milli təhlükəsizliyi təmin etmək olduğu bildirilib. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidin nəzərincə, sözügedən sahə dövlətin nəzarətindən kənarda qala bilməz.

Şöbə müdiri din xadimlərinin dövlət tərəfindən təyin edilməsini dünya təcrübəsi ilə əsaslandırıb və bunun dinə müdaxilə hesab edilmədiyini əlavə edib. Qeyd olunub ki, qanun layihəsi hazırlanan zaman ölkə Konstitusiyasının, İnsan hüquq və azadlıqlarının qorunması haqqında Avropa Konvensiyasının tələbləri nəzərə alınıb.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.