Məscid Lənkəran şəhərinin şərqində, Xəzər dənizi sahilinə yaxın ərazidə, Kiçik Bazar məhəlləsində yerləşir. İbadətgah 1904-1906-cı illərdə inşa edilib. İbadət evi, həmçinin Hüseyniyyə məscidi kimi də adlandırılır. Məscid din xadimi Hacı Məhəmməd axund Axundzadə rəhbərliyi və yerli sakinlərin vəsaiti ilə tikilib.
Məscidin inşası başlayarkən çar höküməti binanın tikintisinə icazə verməmişdir. Buna görə də Hacı Məhəmməd təsadüfən İrandan Lənkərana qonaq gəlmiş bir şəxsə bu məsələni danışır. Bir neçə vaxtdan sonra iranlı qonaq yenidən Lənkərana gələrək, məscidin tikintisinə icazə verilməsi haqqında qərarı Hacı Məhəmmədə çatdırır.
Məsciddə eyni vaxtda 250 nəfər namaz qıla bilər. İbadətgahın tikintisində qırmızı kərpicdən və yerli tikinti materiallarından istifadə edilib.
Məscidin “Güldəstə” adlı minarəsi var idi. 1930-cu illərdə sovet hakimiyyəti “dinlə mübarizə” adı altında minarəni dağıtmışdır, ibadət evinin binası isə anbar kimi istifadə edilirdi. 1987-ci ildən məscid kimi fəaliyyətini bərpa etmişdir.
2010-cu ildə burada Hacı Məhəmmədhüseyn Cəfərovun və digər dindarların vəsaiti ilə hündürlüyü 24 metr olan qırmızı kərpicdən minarə ucaldılmışdır. Onun üzərində ağ kərpiclə ərəbcə yazılar var.
Lənkəran rayonu Kiçik Bazar məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2014.
- Azərbaycanın seçilmiş İslam abidələri. Bakı-2015.
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- http://www.mct.gov.az