Bu gün, fevralın 23-də azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvandakı Göy məscidi ziyarət ediblər. Bu barədə Report xəbər verib.

Millət vəkili Tahir Mirkişili ziyarət fotolarını öz hesabında paylaşıb. O, həmçinin sözügedən məscidin İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsi olmasını qeyd edib. “Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir”, – deyə deputat əlavə edib.

Hazırda hər iki deputat AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədir.

İrəvanın Göy məscidi 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə inşa edilib. İbadət evi ölçüsünə görə İrəvanın ən böyük məscidi hesab edilir. İbadətgah 28 hücrə, kitabxana, ibadət zalı və həyətdən ibarətdir. Sovet dövründə məscidin 4 minarəsindən 3-ü dağıdılıb. Minarələrin hündürlüyü 24 metr təşkil edib.

1952-ci ildə məscidin bir hissəsi məktəb kimi istifadə edilib. Göy məscid XX əsrdə üç dəfə ermənilər tərəfindən yandırılıb. Yanğın ilk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında, üçüncü dəfə isə 1988-ci ildə baş verib.

1995-2006-cı illərdə İran tikinti şirkəti tərəfindən burada təmir-bərpa işləri aparılıb. Təmirdən sonra isə məscid İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.