Rüşvət alıb-vermək qədim dövrlərdən məşhur bir əməldir. Hər bir insan ömründə bir dəfə olsa belə, rüşvətlə qarşılaşır. Bəziləri hesab edir ki, heç kimin haqqına girmədən rüşvət verib öz işini həll etmək günah deyil.

İslam dinində rüşvət vermək haram hesab edilir. Müqəddəs Quran kitabında Allah buyurur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu hakimlərə verməyin” (Bəqərə, 188). Əllamə Təbatəbayi bu ayədə məqsədin hakimlərə rüşvətin verilməsi olduğunu bildirib (Əl-mizan, cild 2, səh 52).

Peyğəmbər (s) buyurub: “Rüşvətdən uzaq olun, çünki bu iş küfrdür. Rüşvət alan behiştin iyini duymayacaq”.

Şəriət alimləri insanın hətta öz haqqını almaqdan ötrü rüşvət verməsinin haram olduğunu hökm ediblər. Ayətullah Xamenei insanın başqasının haqqına girmədiyi halda belə, rüşvət verməsinə icazə vermir. Ayətullah Sistaninin hökmünə əsasən, zalımdan haqqı tükətmək üçün zalımın onu alması haram olsa belə, rüşvət verməyin eybi yoxdur.