Bu gün, fevralın 22-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı soyqırımı ilə bağlı tədbir keçirib. Bu barədə QMİ xəbər verib.

Tədbirdə din xadimləri, dini konfessiya rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Xocalı sakinləri iştirak ediblər. Məclis Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş Quran tilavəti ilə başlayıb.

APA-nın verdiyi məlumata əsasən, Allahşükür Paşazadə soyqırımın günahkarları olan Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyanın beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını söyləyib.

“Özünü bəşəriyyətin nümayəndəsi sayan hər bir kəs Xocalıya ədalətli qiymət verilməsi üçün çalışmalıdır”, – Gündüz İsmayılov qeyd edib.

Tədbirin sonunda Qafqaz Müsəlmanları İdarəsi adından Xocalı sakinlərinə maddi yardım təqdim edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Həmin dönəmdə etnik azərbaycanlılara qarşı soyqırım baş verib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.