Hədislərdə nəql olunur ki, Allahla mənəvi əlaqənin qırılmasının və Allahı unutmağın qorxulu amili günahdır. Heç bir amil günah kimi qəlbi məhv etmir. Nə vaxt insan günah etsə, qəlbinə qara bir ləkə düşər. Əgər tövbə etsə, həmin ləkə təmizlənər.

Allah-təala Davud peyğəmbərə belə vəhy edib: “Mən bildiyinə əməl etməyən bəndəmi cəzalandırdıqda, yetmiş mənəvi əzabın arasında ən azı zikrimi onun qəlbindən çıxararam”.

Bir nəfər İmam Əlinin (ə.s) hüzuruna gəlib dedi: “Mən gecə namazını qılmaqdan məhrumam”, Həzrət (ə.s) dedi: “Günahların səni giriftar edib zəncirləmişdir.

İmam Sadiq (ə.s) buyurub: Həqiqətən, insan günaha düşdükdən sonra gecə namazından məhrum olur. Pis əməlin öz sahibinə təsiri bıçağın ətə göstərdiyi təsirdən çoxdur”.

Şeyx Səduq İmam Sadiqin (ə.s) sözlərini nəql edib: “O pəhrizkarlar ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyirlər. Axı günahları Allahdan başqa, kim bağışlaya bilər?” [Ali İmran, 135-136]. Bu ayə nazil olduqda İblis “Sur” dağının zirvəsinə çıxıb uca səslə şeytanları çağırdı. Şeytanlar İblisin ətrafına toplaşıb dedilər: “Nə üçün bizi çağırmısan?”

İblis: “Bu ayə nazil olmuşdur. İndi hansı biriniz onun qarşısında qiyam edə bilər?”

Onlardan biri dedi: “Mən filan işlərlə onu təsirdən sala bilərəm”.

İblis: “Sən bunu bacarmazsan”.

Nəhayət, Vəsvasi-Xənnas adlı bir şeytan ayağa qalxıb dedi: “Mən bunu bacararam”.

İblis soruşdu: “Necə və nəyin vasitəsilə?”

Şeytan: “Mən onları vədə və arzularla günaha sürükləyəcəyəm. Sonra günaha düşdükdə, tövbəni unutduracağam”.

İblis: “Bu işin əhli sənsən”,- deyərək bu işi qiyamətədək ona tapşırdı.

 

Mənbə: Rəsuli Məhəllati, Günahın acısı.