İranın Qum şəhərindəki Cəmkəran məscidinə basqın edilib. Bu barədə fevralın 20-də məscidin saytında xəbər verilib.

Məlumata görə, yanacaqla yüklənmiş avtomobil məscidin 6 nömrəli qapısını dağıdaraq ibadətgahın həyətinə daxil olub. Namaz qılanların və ziyarətgah əməkdaşlarının heç bir xəsarət almadığı və onların ərazidən dərhal uzaqlaşdırıldığı bildirilib.

Yük avtomobilinin sürücüsü həbs edilib. Onun bu əməlinin məqsədi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Cəmkəran məscidi ziyarətgahlar arasında böyük əhəmiyyətə malikdir. O, Qumda Xanım Məsumənin (s.ə) hərəmindən 10 dəqiqəlik məsafədə yerləşir. Rəvayətlərə görə, məscid İmam Zamanın (ə.f) göstərişi ilə inşa edilib. Məşhədə səfər edən zəvvarlar Xanımı (s.ə) ziyarət etdikdən sonra buraya üz tuturlar.