İslam dininə aid əsas iki bayram var: Qurban və Ramazan bayramları. Lakin mövludlar, Qədir-xum və Məbəs günü kimi İslam dini ilə əlaqəli bir sıra bayramlar da müsəlmanlar tərəfindən qeyd olunur. Novruz bayramı İslam dininə aid olmasa da, onun keçirilməsinin dinlə uyğun gəlib-gəlməməsi bir çoxlarında sual doğurur.

“Novruz” fars dilində “yeni gün”, yəni “nov” – yeni, “ruz” – gün deməkdir. Bu bayramın yaranma tarixi dəqiq məlum olmasa da, bəzi din və etiqad məktəbləri onun cahanşümul mahiyyətini təsdiqləyib. Lakin ehtimal olunur ki, Novruzun ən parlaq dövrü məhz zərdüştilik dini zamanında olub.

Bu gün Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Suriya və İraq kimi müsəlman ölkələr Novruzu qeyd edirlər. Din xadimləri bu bayramla İslam arasında bənzərliklərin olmasını söyləyirlər. Buna görə də onun bəzi ayinlərinin yerinə yetirilməsini qadağan hesab etmirlər. Belə ki, İslamda bəyənildiyi kimi, Novruzda insanlar bir-birinin ziyarətinə gedir, küsülülər barışır və hətta vəfat etmiş şəxslər ziyarət edilir, onlar üçün dualar oxunur.

Təbii ki, bu bayramın bəzi ayinləri İslamla ziddiyyət təşkil edir. Belə ayinlərin sırasında qulaq falı ilə üzük falını misal çəkmək olar. Çünki fal İslam dinində haram, başqasının qapısında oturub ailə söhbətlərinə gizlincə qulaq asmaq isə ədəbsizlik hesab edilir.

Novruz bayramı bir sıra hədislərdə də öz əksini tapıb. Rəvayətlərə görə, bir gün İmam Əli (ə.s) üçün şirniyyat hədiyyə gətirdilər. İmam hədiyyənin hansı münasibətlə olduğunu soruşub. Ona dedilər: “Bu gün novruzdur”. Buyurdu: “Əgər bacarsanız, hər gün novruz edin” (Dəaimul-islam, İbn Həyyun, 2/326).

Müctəhidlərin risaləsinə nəzər saldıqda Novruz günü qüsl almaq və oruc tutmağın müstəhəb əməl hesab edildiyini görmək olar.

Novruz bayramı hər il mart ayının 20-21-i qeyd olunur. Azərbaycanda 20-25 mart tarixlərində bayramla əlaqədar qeyri-iş günləri elan edilir.